Advertisement

Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına hər zaman kömək etməyə hazırdır – Zaxarova

Bakı. Trend:

Rusiya Federasiyası Ermənistan-Azərbaycan sərhədinin
delimitasiyasına hər zaman yardım etməyə hazırdır.

Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin
mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün həftəlik brifinq
zamanı deyib.

“Bakı ilə İrəvan arasında bütün ərazi mübahisələri və qarşılıqlı
iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir”, – o
əlavə edib.

Onun sözlərinə görə, regionda davamlı sülh və rifahın bərqərar
olması üçün lazımi mexanizmlər mövcuddur.

“Bu, ilk növbədə, Rusiya, Ermənistan və Azərbaycan liderləri
arasında üçtərəfli sazişlər toplusudur. Rusiya Federasiyası
Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası da daxil olmaqla,
həll yollarının tapılmasına hər zaman kömək etməyə hazırdır”, –
Zaxarova bildirib.

Qeyd edək ki, martın 7-də Azərbaycan Respublikası ilə Ermənistan
Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş
nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş
nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan
Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın yeddinci görüşü keçirilib.

Tərəflər delimitasiya məsələləri üzrə fikir mübadiləsi aparıb və
Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin
razılaşdırılmasına başlayıb, habelə delimitasiya işlərinin
görülməsinin qaydası üzrə müvafiq təlimatların layihələrini
müzakirə ediblər.