
Bakı. Trend:
ABŞ İranın İsraillə münasibətlərdə gərginliyi azaltmasına kömək
etmələri üçün Yaxın Şərq dövlətlərinə müraciət edib.
Trend xəbər
verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat
yayıb.
Bildirilib ki, Ağ Evin Yaxın Şərq və Şimali Afrika üzrə Milli
Təhlükəsizlik Şurasının koordinatoru Brett Makqurk Səudiyyə
Ərəbistanı, BƏƏ, Qətər və İraqdan İsraillə gərginliyi azaltmaqla
bağlı çağırışını İrana çatdırmalarını xahiş edib.
Xatırladaq ki, aprelin 1-də yerli vaxtla saat 17:00 radələrində
İsrail hərbi hava qüvvələrinin Dəməşqin Mezze məhəlləsini vurması
nəticəsində azı 11 nəfər, o cümlədən, İran İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə komandanı,
general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd Hacı Rəhimi
ölüb. İran tərəfi bu hücumun cavabsız qalmayacağını bildirib.





























