Advertisement

Braziliya dünyanın ən böyük karbohidrogen istehsalçılarından birinə çevrilə bilər

Bakı. Trend:

Braziliyada neft hasilatı bu ilin fevral ayında gündə 148,63
milyon kubmetr təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə
müqayisədə 1,4 faiz artım deməkdir.

Trend xəbər verir ki, bu barədə ölkənin Milli Neft Agentliyi
məlumat yayıb.

Atlantik okeanının dərin sularında yerləşən yataqlar yenidən
Braziliyanın ümumi hasilatının 76,1 faizini təşkil edib.

Buna baxmayaraq, 2023-cü ilin noyabrında rekord göstərici gündə
4,7 milyon barelə çatdıqdan sonra, fevral ayı Braziliyada neft və
qaz hasilatında azalmanın baş verdiyi ardıcıl üçüncü ay olub.

Cənubi Amerika ölkəsi olan Braziliya 2024-cü ilin yanvarından
OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulub. Bununla belə, ölkə hələlik
alyansın neft hasilatını azaltmaq səylərini dəstəkləmək niyyətində
deyil. O, gündə orta hesabla 3,5 milyon bareldən çox neft hasil
edir.

“Petrobras” dövlət şirkəti özünü ən böyük operator kimi bu dəfə
də doğruldub: fevral ayında Braziliyada bütün neft və təbii qazın
88,69 faizini istehsal edib. Məlumatlar, Braziliyanın Birləşmiş
Ərəb Əmirlikləri (3,4 milyon) və Küveyt (2,7 milyon) kimi böyük
neft istehsalçısı olan ölkələri qabaqlayaraq, dünyanın səkkizinci
ən böyük neft istehsalçısı olduğunu təsdiqləyir.