Advertisement

Antalyada kanat qəzası: təxliyə edilənlərin sayı 98-ə çatıb

Bakı. Trend:

Türkiyənin Antalya vilayətində kanat yolunda qalmış insanların
xilas edilməsi əməliyyatı davam etdirilir.

Trend xəbər verir ki, bu
barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial
şəbəkəsindəki hesabında məlumat verib.

Nazir qeyd edib ki, strukturun dayaqlarından birinin uçması
nəticəsində kanatda qalmış 184 nəfərdən 98-ni xilas etmək mümkün
olub.

Xilasetmə əməliyyatlarına 7 helikopter və 542 xilasedici də cəlb
olunub.

Qeyd edək ki, Türkiyənin Antalya vilayətində yerləşən istirahət
mərkəzlərinin birində kanat yolunda baş verən qəza nəticəsində bir
nəfər ölüb, yeddi nəfər yaralanıb. Konyaaltı rayonunda fəaliyyət
göstərən Tünüktepe kanat yolunda sərnişin kabinələrindən biri
naməlum səbəbdən dirəyə dəyərək parçalanıb və qayalıq əraziyə
düşüb.