
Bakı. Trend:
Yaxın Şərqdə hazırda cərəyan edən hadisələr və vəziyyətin
gərginləşməsi ABŞ və Avropanın üç ölkəsi (Böyük Britaniya, Fransa
və Almaniya) İranın nüvə proqramı haqda Hərtərəfli Birgə Fəaliyyət
Planıını bərpa edilməsini bloklamalarının nəticəsidir.
Trend-in məlumatına görə, bunu Rusiyanın Vyanada yerləşən
beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov “X”
şəbəkəsindəki hesabında yazıb.
Ulyanov bildirib ki, Yaxın Şərqdə yaranan bu vəziyyətdən xilas
olmaq şansı var idi:
“Halbuki Qərb ölkələri bu böhranın baş verməsinin yolunu
açıb”.
Xatırladaq ki, 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə
əlaqədar İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Britaniya, Fransa və
Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub.
2018-ci ilin may ayında ABŞ bu plandan çıxdığını bəyan və həmin
ilin noyabr ayında İrana qarşı sanksiyalar tətbiq edib. İran
2020-ci ildə nüvə sazişində İranın hər hansı məhdudiyyətinin
olmayacağını elan edib.
Əlavə edək ki, 2020-ci ilin sonlarında İran parlamenti İrana
qarşı sanksiyaların tətbiq olunmasını əsas gətirərək sanksiyaların
ləğv edilməsi məqsədilə nüvə sahəsində strateji planın icra
edilməsinə qərar verib. İran parlamentinin qərarına əsasən həmin
ilin İran 23 fevraldan nüvə sazişində nəzərdə tutulan əlavə
addımlar və əlavə protokolun icrasını dayandırıb. Bununla
MAQATE-nin nəzarət mexanizmi 20-30% azalıb.
Bildirək ki, 1 apreldə İsrail HHQ-nin Suriya paytaxtı Dəməşqin
Mezze məhəlləsini vurması nəticəsində 13 nəfər, o cümlədən İran
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan üzrə
komandanı, general Məhəmməd Rza Zahedi və onun müavini Məhəmməd
Hacı Rəhimi ölüb. 14 apreldə isə İran buna cavab olaraq İsrailə
onlarla raket və PUA atdığını təsdiqləyib.





























