Advertisement

Azərbaycan İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransda təmsil olunub

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz
Rzayev cari ilin 21 iyun tarixində Maltada keçirilmiş ATƏT-in Malta
Sədrliyinin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Konfransında
iştirak edib.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat
yayıb.

Konfransda iqlim dəyişikliyinin ATƏT ərazisində təhlükəsizliyə
təsirləri, hazırkı durum və iqlim dəyişikliyi ilə birgə mübarizə
imkanları müzakirə olunub. Konfransda çıxış edən nazir müavini
Fariz Rzayev Azərbaycanın da iqlim dəyişikliyinin təsirinə məruz
qaldığını qeyd edərək bu çağırış ilə mübarizə xüsusunda görülən
işlər barədə məlumat verib. Azərbaycanın ATƏT-in Nazirlər Şurası
tərəfindən 2021-ci ildə Stokholmda qəbul edilmiş iqlim
dəyişikliyinin törətdiyi çağırışlarla mübarizə üçün əməkdaşlığın
gücləndirilməsinə dair qərarı dəstəklədiyi qeyd olunub, ölkəmizin
ATƏT-in bir neçə regional layihəsində fəal iştirak etdiyi
vurğulanıb.

Bildirilib ki, Azərbaycanın uzun sürən hərbi işğaldan azad
edilmiş ərazilərinin yaşıl enerji zonasına çevrilməsi, burada
ağıllı kənd və ağıllı şəhər konsepsiyalarının tətbiq edilməsi
nəzərdə tutulur. Bu isə iqlim dəyişikliyi ilə mübarizə səylərinə
töhfə verəcəkdir.

Nazir müavini 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə
həmrəylik ili” elan olunduğunu qeyd edərək ölkəmizin həmçinin cari
ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə
Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev
sahibliyi edəcəyini bildirib. COP29 ilə bağlı ölkəmizin baxışı
barədə məlumat verilib, bu tədbirin iqlim dəyişikliyi ilə mübarizə
xüsusunda beynəlxalq səylərə töhfə verəcəyi qeyd olunub.

Konfrans çərçivəsində nazir müavini Fariz Rzayev həmçinin
ATƏT-in Baş katibi Helqa Şmit və Maltanın Xarici və Avropa İşləri
və Ticarət Nazirliyinin Daimi Katibi Kristofer Kutajar ilə görüşüb,
qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi
aparılıb.