
Zəngilan. Trend:
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında maraqlı layihələr
həyata keçirilir.
Trend xəbər verir ki, bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid
Hacıyev Zəngilanda keçirilən “Azərbaycan Qeyri-Hökumət
Təşkilatlarının Əməkdaşlıq Forumu”nda çıxışı zamanı deyib.
O qeyd edib ki, Ağalı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə
uyğun tikilib:
“Burada 17 məqsəddən 11-i təmin olunub. Kənddə 175 ailədən
ibarət 871 nəfər artıq məskunlaşıb. 300 evdən ibarət “Ağalı-2″
fazasının isə tikintisi davam edir”.
V.Hacıyev Azərbaycanın bu il COP29-a ev sahibliyi edəcəyini də
xatırladıb:
“İşğaldan azad olunmuş ərazilərdə ekoloji layihələrin icrası
COP29-la bağlı Azərbaycanın önəmli addımlarından olacaq. Zəngilan
yeganə rayondur ki, ərazisindən dörd çay keçir. Həmin bu çaylardan
səmərəli istifadə edirik. Oxçuçay üzərində dörd su elektrik
stansiyası fəaliyyət göstərir. Ümumi ölçüsü 42 kvt-dır. Zəngilanda
100 mindən çox ağac əkilib. Təkcə bu il 50 min ağacın əkilməsi
nəzərdə tutulur”.
Prezidentin xüsusi nümayəndəsi əlavə edib ki, Cəbrayıl, Qubadlı
və Zəngilanda görülən işlər bununla da yekunlaşmır: “İnvestorların
diqqətini cəlb edən maraqlı layihələr həyata keçirilir”.





























