
Bakı. Trend:
Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcə
regionda deyil, eləcə də bütün dünyada enerji sektorunda ən önəmli
qlobal beynəlxalq platformalardan biri hesab olunur. Bu beynəlxalq
tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin
müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən
yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya
gətirir.
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı
Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 21
iyun tarixində “Euronews”un efirində yayımlanmış müsahibəsində qeyd
olunduğu kimi, bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və
Konfransı adını almışdı.
“Sonradan Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və
tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi.
Bu gün Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edən
iştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə –
neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuş
uğurları görə bilirlər. Azərbaycanın əsas məqsədlərindən biri
birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan
sonra sədrliyi davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir
ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı
iddiaları kənara qoysunlar”.
K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində bir sıra önəmli
məqamların yer aldığını vurğulayaraq deyib:
“İlk növbədə, cənab Prezident öz müsahibəsində bir daha
xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə
keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa
xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Bakı
Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə
ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir.
Bu gün Azərbaycanda çox yaxşı sərmayə mühiti mövcuddur. Ölkə
ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan
enerjiyə yönəldir. Təbii ki, cənab Prezident İlham Əliyev
tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti bu sektorda
dünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir.
Hazırda ölkəmizin “Masdar”, ACWA Power” və BP kimi böyük
tərəfdaşları var. İşlərin həcmi getdikcə artıq və Azərbaycan milli
enerji şəbəkəsini gücləndirir. Çünki ölkə mümkün qədər çox enerjini
qəbul etmək iqtidarında olmalıdır. Bunun üçün ötürülmə xətləri ilə
bağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycanın özünə
planlaşdırılan qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən
də əsas hədəf məhz ixracdır. Dövlət başçımızın dediyi kimi,
bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq
edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və
nəticədə qənaət edilmiş təbii qaz əsasən indi Avropaya lazım olan
qaydada nəql olunsun”.





























