Bakı. Trend:
Azərbaycan Prezidenti cənab İlham Əliyevin xarici
mediaya verdiyi müsahibələr ölkəmizin dünyada artan nüfuzunu,
gücünü və potensialını xarici auditoriyaya yüksək peşəkarlıqla
çatdırır. Cari ilin 21 iyun tarixində cənab İlham Əliyevin
“Euronews” telekanalına verdiyi müsahibədə ölkəmizin mövqeyi bütün
şəkildə açıqlanıb. Bakı Enerji Həftəsinin bir neçə aydan sonra
ölkəmizdə keçiriləcək COP29-a hazırlıq işlərinin fonunda baş
tutması da rəmzi məna daşıyır və bu baxımdan neft-qaz ehtiyatları
ilə zəngin olan bir ölkənin iqlim dəyişikliyinin yaratmış olduğu
fəsadlar ilə mübarizədə də qabaqcıl olmasının zəruriliyi barədə
cənab İlham Əliyevin səsləndirdiyi fikirlərin tamamilə düzgün
olduğunu təsdiqləyən növbəti önəmli amilləri dünyanın diqqət
mərkəzinə çatdırdı. Cənab İlham Əliyevin iyun ayının 21-də
“Euronews” telekanalına verdiyi müsahibə ölkəmizin enerji
siyasətinin mühüm istiqamətlərini eyni zamanda Azərbaycanın
təşəbbüslərinin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından
mühüm əhəmiyyət kəsb etdiyini vurğulamaq lazımdır.
Ölkə başçısı cənab İlham Əliyev müsahibəsi zamanı vurğulamışdır
ki, “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən
bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir. “Masdar”
bizim bərpaolunan enerji sahəsində strateji tərəfdaşımızdır. Ötən
ilin oktyabrında biz 230 meqavatlıq ilk Günəş enerjisi
stansiyasının açılışını etdik. Bu gün isə ümumi gücü 1 qiqavat olan
üç Günəş və külək enerjisi stansiyalarının təməlqoyma mərasimini
keçirdik. Bu, yalnız başlanğıcdır, çünki biz orta perspektivdə 10
qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün
müqavilələri və anlaşma memorandumlarını icra etməyi
planlaşdırırıq. Hədəfimiz belədir. Potensial var. Siz Günəşi,
istəyimizi və o cümlədən küləyi görə bilərsiniz. Yaxşı sərmayə
mühiti var. Bu, həqiqətən göstərir ki, ölkə ənənəvi enerjidən əldə
etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. COP29-a ev
sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə
gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir. Bilirsiniz,
əslində, hər yeni iş qeyri-müəyyənliklərlə dolu olur. Lakin bizim
böyük tərəfdaşlarımız var. Artıq qeyd etdim, “Masdar” strateji
tərəfdaşdır. Həmçinin “ACWA Power” var. Daha sonra, BP
sərmayədarlarımız sırasındadır və bizimlə işləməyi planlaşdıran
digər ölkələrin bir çox şirkətləri var. Bir sözlə, biz neft və qaz
sahəsində hər şeyi başdan-ayağa bilirik. Burada isə biz təzə
başlayırıq. Çətinliklərə gəldikdə, bu, milli enerji şəbəkəsi ilə
bağlıdır, çünki biz onu gücləndirməliyik ki, sərmayədarların
verdiyi mümkün qədər çox enerjini qəbul edə bilsin. Digər çətinlik
ötürülmə xətləri ilə bağlıdır, çünki bu halda biz öz qonşularımızla
fəal çalışmalıyıq. Azərbaycanın özünə planlaşdırdığımız qədər
bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəfimiz ixracdır.
Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq
edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və
təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan
qaydada nəql olunsun. Yalnız daxili gündəliyimizdən asılı olan və
həll edilməli bir çox məsələlər, şübhə etmirəm ki, tam reallaşacaq.
Lakin beynəlxalq tərəfdaşlıq tələb edən məsələləri biz
tərəfdaşlarımızla həll etməliyik”. Qeyd etmək lazımdır ki, cari
ilin birinci yarısında cənab İlham Əliyevin ikinci dəfə “Euronews”a
verdiyi müsahibə də COP29-la bağlı məsələyə toxunması və
Azərbaycandakı enerji sektoru haqqındakı mütərəqqi düşüncələri,
fikirləri, izahları, təklifləri xarici mühitin diqqətini bu
məsələlərə cəlb etməkdə davam edir. Aparılan uğurlu siyasət
düşünülmüş və uzaqgörən müdrikliyin əsaslı nümunəsidir.
Azərbaycanda yaxşı sərmayə mühiti var və hal-hazırda ənənəvi
enerjidən əldə edilən gəlirlər bərpa olunan enerjiyə yönəldilir.
Azərbaycan dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən
biri olan COP29-a ev sahibliyi etməsi şübhəsiz ki, cənab İlham
Əliyevin apardığı uğurlu siyasətinin növbəti qələbəsidir.
Milli Məclisin deputatı Rauf Əliyev





























