
Bakı. Trend:
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala
malikdir və ölkəmizdə bərpa olunan enerji mənbələrindən
istifadəsinə böyük diqqət yetirilir.
Bunu Trend-ə Milli
Məclisin deputatı Afət Həsənova deyib.
Deputat bildirib ki, son illərdə Azərbaycanda bərpaolunan
enerjiyə böyük investisiyalar yatırılır və eyni zamanda, bu sahədə
geniş investisiya imkanları mövcuddur.
“Bərpa olunan enerji sahəsində Xəzər dənizinin nəhəng potensialı
var və Xəzər dənizinin Azərbaycan sektorunun potensialı təqribən
150 min meqavat təşkil edir.
Bununla yanaşı, İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan
azad olunan ərazilərin, xüsusilə də Kəlbəcər və Laçının potensialı
mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir. Burada, ilk
növbədə, külək və günəş enerjisi nəzərdə tutulur. Qarabağda 10-dan
çox su elektrik stansiyasının yaradılması nəzərdə tutulur. Məlumdur
ki, artıq Laçında, Kəlbəcərdə və Suqovuşanda bərpa edilən 20.2 MVt
gücündə 4 su elektrik stansiyası artıq istismara verilib.
Eyni zamanda, Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində
ümumi gücü Azərbaycan tərəfi üçün 140 MVt (100 MVt “Xudafərin”, 40
MVt “Qız Qalası”) olmaqla, iki su elektrik stansiyasının tikintisi
davam etdirilir.
Həmçinin, Laçın/Kəlbəcər ərazisində təxmini olaraq 100 MVt
gücündə tikintisi planlaşdırılan külək elektrik stansiyası
layihəsinin reallaşdırılması işğaldan azad edilmiş ərazilərdə
“Yaşıl Enerji Zonası”nın yaradılmasına əlavə töhfə verəcək”, – deyə
deputat bildirib.
Deputat əlavə edib ki, Azərbaycan bu istiqamətdə böyük
şirkətlərlə əməkdaşlıq edir.
“Masdar”, “ACWA Power” və BP kimi iri şirkətlər bu istiqamətdə
Azərbaycanla yaxından əməkdaşlıq edir və əməkdaşlıq etmək istəyən
şirkətlərin sayı atrmaqdaddır. Məlumdur ki, “yaşıl enerji”yə keçid
qlobal ekoloji problemlərin həllində mühüm rol oynayır və bu
istiqamətdə Azərbaycan mühüm töhfələr verməkdədir.
Bu yaxınlarda Azərbaycan daha böyük bir beynəlxalq tədbirə,
enerji sənayesinin liderlərini bir araya gətirən, 37 ölkədən
300-dən artıq şirkətin iştirak etdiyi Bakı Enerji Həftəsinə ev
sahibliyi etdi. Bakı Enerji Həftəsi dünya üçün vacib olan enerji
məsələlərinin müzakirə edildiyi mühüm beynəlxalq platformaya
çevrilib”, – deyə deputat əlavə edib.





























