Bakı. Trend:
Xalqımızın qəhrəmanlıq salnaməsini yazan, tarixi missiyalarını
şanlı qələbələrlə sona çatdıran Azərbaycan Silahlı Qüvvələrinin
əsgər və zabitləri ölkəmizdə böyük nüfuz sahibidir. Xalqımız onları
qəhrəman hesab edir, hörmətlə yanaşır və xidmətlərini yüksək
qiymətləndirir. Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanın
mükəmməl, güclü, yüksək döyüş ruhlu, Vətəni canından belə artıq
sevən yenilməz Ordusu var. Təbii ki, bu Ordunu formalaşdıran, böyük
inkişaf yoluna çıxaran müasir Azərbaycan dövlətinin qurucusu Heydər
Əliyev olub. O, hər zaman strateji saydığı bu sahəni diqqətdə
saxlayırdı, hətta respublikamıza rəhbərlik etdiyi ötən əsrin 70-ci
illərdə bu istiqamətdə mühüm işlər görmüşdü. 1971-ci ildə məhz Ulu
Öndərimizin uzaqgörənliyi və gərgin zəhməti bahasına Azərbaycanda
hərbi kadrlar hazırlayan Cəmşid Naxçıvanski adına hərbi lisey
yaradıldı. Bundan sonra Azərbaycanda hərb sənətinə maraq xeyli
artdı, yerli zabit kadrların hazırlanması prosesi geniş vüsət aldı.
Bu məktəbin əhəmiyyəti həm də onda idi ki, müstəqilliyimiz bərpa
olunduqdan sonra ordu quruculuğu işində əsas baza rolunda çıxış
etdi. Odur ki, Silahlı Qüvvələrimizin inkişaf tarixi Heydər
Əliyevin adı ilə sıx bağlıdır. Xalqın çağırışı ilə ikinci dəfə
hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsas hədəflərindən
bir də nizami ordunun yaradılması idi. Onun bu istiqamətdə apardığı
işlərin ilk göstəricisi isə uğurlu və son dərəcə əhəmiyyətli
“Horadiz” əməliyyatı oldu. Bu əməliyyatın həm də önəmi o idi ki,
ruh düşkünlüyünə uğramış, qələbəyə olan ümidləri tükənmiş
xalqımızda inam hissi artdı, əsgər və zabitlərimizə güvən və etimad
yüksəldi. Sözsüz ki, psixoloji üstünlük müharibə aparan dövlət üçün
ən vacib məqamdır.
Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri,
Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, “Horadiz” əməliyyatından sonra Ermənistan
atəşkəsə getməyə məcbur oldu və bundan sonra Azərbaycanda ordu
quruculuğu daha da sürətləndi, Silahlı Qüvvələrin maddi-texniki
təminatının yaxşılaşdırılması, şəxsi heyətin mənəvi-psixoloji
hazırlığının artırılması və döyüş ruhunun yüksəldilməsi
istiqamətində mühüm işlər görüldü:
“1999-cu ildə Hərbi Akademiya yaradıldı, ordu quruculuğu
beynəlxalq standartlara uyğunlaşdırıldı, Azərbaycan NATO-nun “Sülh
naminə tərəfdaşlıq” proqramına, eləcə də “Planlaşdırma və analiz
prosesi” proqramına, “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na
qoşuldu. Hərbçilərimiz NATO proqramlarında və digər ikitərəfli
əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri
mənimsədilər. Eyni zamanda beynəlxalq sülhməramlı qüvvələrin
tərkibinə qatılmaqla zəngin təcrübə qazandılar və NATO
standartlarına uyğunlaşan Ordumuz beləliklə müasir və güclü bir
orduya çevrildi”.
AHİK sədri qeyd edib ki, xalqımızın etimadını layiqincə
doğruldan, Ulu Öndərin bütün istiqamətlərdə siyasi kursunu uğurla
davam və inkişaf etdirən Prezident İlham Əliyev ordu quruculuğunu
da daim diqqət mərkəzində saxlayıb:
“Görülən effektli işlər, aparılan davamlı islahatlar nəticəsində
hərbçilərimizin peşəkarlığı, döyüş ruhu, mənəvi-psixoloji hazırlığı
daha da artdı, ən müasir silah və texnika ilə Ordumuz təchiz
edildi. Ardıcıl və sistemli şəkildə görülən işlər sayəsində Silahlı
Qüvvələrimiz regionun ən güclü və mütəşəkkil ordusuna çevrildi.
Beynəlxalq hesabatlarda belə Ordumuzun qüdrəti, mütəşəkkiliyi
xüsusi olaraq qeyd olunur, Cənubi Qafqazda birinci, dünyada isə
əlli ordu sırasında göstərilir. Təbii ki, bu, Prezident İlham
Əliyevin bu sahəyə olan ali diqqətinin bariz nümunəsidir. 2016-cı
ilin Aprel döyüşləri isə Ordumuzun gücünü bütün dünyaya nümayiş
etdirdi. Düşmən təxribatına tutarlı cavab verilməklə yanaşı, 2 min
hektardan çox ərazi düşməndən təmizləndi. Sonra Odumuz 2018-ci ildə
Günnüt zəfərini çaldı, Naxçıvan istiqamətində 11 min hektardan
artıq ərazi və Günnüt kəndi azad edildi. Bu qələbələr eləcə də
qarşı tərəfə göstərdi ki, belə bir güclü Ordunun qarşısında tab
gətirə bilməz və məğlubiyyət qaçılmazdır. Demək olar ki, sarsıdıcı
zərbələr alan işğalçılar dərin ruh düşkünlüyünə uğradılar”.
“Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Silahlı Qüvvələrinin ən böyük missiyası isə tariximizdə parlaq
səhifələr açan, yeni dövrün əsasını qoyan 44 günlük Vətən
müharibəsi oldu. Bu bənzərsiz Qələbə ilə 200 illik münaqişə tarixə
qovuşdu, 30 il davam etmiş müharibə Zəfərlə başa çatdı, xalqımız
böyük Qələbənin sevincinə qərq oldu. Vətən hissini bütün
duyğulardan üstün tutan əsgər və zabitlərimiz bu şərəfli yolda
ölümdən belə çəkinmədilər, rəşadətlə döyüşərək işğalçı ordunu məhv
etdilər. Planlaşdırılan bütün əməliyyatlar uğurla yekunlaşdı,
tətbiq edilən taktikalar özünü doğrultdu. Bir sözlə, ikinci Qarabağ
müharibəsində əsgər və zabitlərimizin şanlı döyüş yolunun hər bir
addımı bizim qəhrəmanlıq salnaməmizdir və tariximizdə əbədi
qalacaq. Eyni zamanda ötən ilin sentyabr ayında Qarabağda həyata
keçirilən antiterror tədbirləri göstərdi ki, Azərbaycan əsgərinin
aşa bilmədiyi sədd yoxdur, bu Ordu ildən-ilə güclənir və təcrübəsi
artır”, – Milli Məclisin deputatı vurğulayıb.
Səttar Möhbalıyevin sözlərinə görə, Silahlı Qüvvələrimizin artan
gücü bizi bir daha əmin edir ki, ölkəmizin müdafiə qüdrəti bundan
sonra da yüksələcək, sərhədlərimiz daha etibarlı şəkildə qorunacaq,
müstəqilliyimiz və dövlətimizin suverenliyi əbədi olacaq.





























