
Bu gün dünya nizamı İkinci Dünya Müharibəsindən sonra özünün ən
çətin dövrünü yaşayır.
Bu barədə Trend-in suallarını cavablayarkən Milli
Məclisin deputatı Azər Badamov bildirib.
Onun sözlərinə görə, böyük güclər silahlar və müharibələr
hesabına öz gəlirlərini artırmaq istəyir.
“Qərb, Rusiya və digər ölkələr arasında nüfuz uğrunda
müharibələr davam edir. Ona görə də dünya gücləri beynəlxalq hüquq
normaları gözlənilmədən birtərəfli şəkildə öz maraqlarına uyğun
müharibələri dəstəkləyir və sonu görünməyən münaqişə ocaqları
yaradır. Müharibələrin bizim qonşu ölkələrdə baş verməsi beynəlxalq
siyasətimizi daha doğru şəkildə aparılmasını tələb edir.
Çoxlu dövlət başçıları yanlışlıqlara yol verərək müharibələrə
cəlb olunur və həm öz ölkəsini müəyyən çətinliklərlə qarşlaşdırır,
həm də müharibələrin uzunmüddətli olmasına şərait yaradır. Belə ki,
Rusiya-Ukrayna və İsrail-Fələstin müharibəsini misal göstərmək
olar. Qərb dövlətlərinin ədalətsiz yanaşmaları dinc sakinlərin
həyatlarını cəhənnəmə döndərib. Şəhərlər və kəndlər dağılır,
insanlar öz yurdlarından didərgin salınır və beləliklə dünya
nizamında xaos yaşanır. Bu günlərdə baş verən müharibələrə yeni bir
münaqişə ocağı da əlavə olundu”, – deyə deputat bildirib.
O qeyd edib ki, Dəməşqdəki İran konsulluğuna endirilən zərbədən
sonra İranın İsrailə hücümü gözlənilirdi.
“Təbii ki, bu hücum da baş tutdu və Qərbin təzyiqləri qarşısında
qalan İran vəziyyəti gərginləşdirməmək üçün hərbi əməliyyatlarını
dayandırdığını bildirdi. Amma İsrail İranın cavabını vermədən hərbi
əməliyyatları dayandıracaqmı kimi bir sual meydana gəlir. ABŞ və
birləşmiş Qərb İsrailin yanında olduğunu və bütün vasitələrlə kömək
edəcəklərini ifadə etdilər. Lakin İsrailin İrana cavab verəcəyi də
gözləniləndir. Bütün bunlarla yanaşı qonşu dövlətlərdə münaqişələr
baş verməsinə baxmayaraq, özünün müstəqil balanslaşdırılmış
siyasətini yürüdən Azərbaycan var.
Prezident İlham Əliyevin düşünlmüş uğurlu siyasəti 30 il erməni
işğalı altında qalmış torpaqların azad olunmasına və bütün
ərazilərində suverenliyin bərpasına yol açdı. 3,5 il əvvəl 44
günlük müharibə başa çatanda Prezident İlham Əliyev daha
müharibələrin istəmədiyini bildirərək Ermənistana sülh əlini
uzatdı. Qərbin təzyiqləri altında olan Ermənistan müstəqil
siyasətini yürüdə bilmir və regionu beynəlxalq güclərin toqquşduğu
hərbi poliqona çevirmək istəyir.
Amma Prezident İlham Əliyevin uğurlu beynəlxalq siyasəti ABŞ və
Aİ-lə münasibətlərin yüksək səviyyədə inkişaf etməsinə və
Azərbaycanın maraqlarına Qərbin hörmətlə yanaşmasını tələb edir.
Məhz 5 apreldə Brüsseldə baş tutmuş ABŞ, Aİ və Ermənistan arasında
keçirilmiş üçtərəfli görüş ərəfəsində ABŞ Dövlət katibi Antoni
Blinken və Avropa Komisiyasının prezidenti Ursula Fon der Lyayenin
Prezident İlham Əliyevə zəng etməsi və keçiriləcək görüşün
Azərbaycanın maraqlarına qarşı olmadığını bildirməsi ölkəmizə olan
böyük hörmətdən irəli gəlir. Təbii ki, 5 aprel görüşündən sonra
Ermənistana müəyyən hərbi texnikaların göndərildiyinin də şahidi
olduq. Amma bu masştablı xarakter almadı.
Prezident İlham Əliyev milli maraqlarımıza uyğun müstəqil
siyasət yürüdür. Siyasətimiz dost ölkələrlə dostluq və əməkdaşlığın
möhkəmləndirlməsinə, dost olmayan ölkələrlə də əməkdaşlıq
imkanlarının nəzərdən keçirilməsinə xidmət edir. O cümlədən qonşu
ölkələrdə səsləndirilən təxribatçı çağırışlara qoşulmuruq və
dostluğumuzu hər şeydən üstün tuturuq. Məhz ona görə də 44 gündə
torpaqlarımızı inamla azad edə bildik və 23 saatda keçirilən lokal
xarakterli antiterror tədbirləri ilə Qarabağda erməni
separatizminin yuvasını dağıda bildik. Bu gün dünya nizamı pozulmuş
gərgin dünyada Azərbaycan çox az ölkələrdəndir ki, sabitlik adasına
çevrilib.
Biz ölkəmizdə sabitlik və inkişafı təmin etdiyimiz kimi,
beynəlxalq arenada da etibarlı tərəfdaş kimi qlobal problemlərin
həll olunmasına töhfə veririk. Belə ki, Azərbaycan Qoşulmama
Hərəkatına uğurla sədrlik etdi, mütəmadi olaraq Mədəniyyətlər arası
beynəlxalq Humanitar Forumlar keçirir, Fransanın neokolonializm
siyasətini ifşa edən və müstəmləkəçilkdən əziyyət çəkən xalqları
bir araya gətirən Bakı Prosesinə ev sahibliyi edirik, qlobal İqlim
İstiləşmələrə qarşı dünyanı həmrəyliyə dəvət edən COP 29 beynəlxalq
konfransına ev sahibliyini edəcəyik və bu sıradan təşəbbüsünmüzlə
baş tutan çoxlu beynəlxalq tədbirləri qeyd edə bilərik ki, bu
tədbirlərlə ölkəmiz beybnəlxalq səviyyədə sülhün və təhlükəsizliyin
təmin olunmasına töhfə verir. Hətta Prezident İlham Əliyevin
təşəbbüsü ilə qonşu dövlətlər arasında münasibətlərin normallaşması
proseslərin baş verdiyini də görürük.
Ölkəmizin sabitlik adası olması beynəlxalq güclərin görüş məkanı
kimi etibar qazanmasına da yol açmışdır. Belə ki, beynəlxalq
səviyyədə ən böyük güclər hesab olunan NATO-nun və Rusiyanın Baş
Qərargah rəisləri dəfələrlə Bakıda görüşmüş və müəyyən məsələlər
müzakirə olunmuşdur. Bu gün gərginliyin artıdığı dünyada yenə də
Azərbaycan kimi sabitləşdirici mövqedə duran dövlətlərin çox
olmasına ehtiyac var. Bu baxımdan davam edən müharibələrin
dayandırılması üçün görüşlərin keçirilməsinə ən münasib ölkə də
Azərbaycandır.
Bu baxımdan Rusiya-Ukrayna-Qərb və İsrail-Fələstin-İran
müharibələrinin dayandırılması ilə bağlı danışıqların aparılmasının
ən münasib yeri də məhz Azərbaycan olduğunu qeyd edə bilərik. Çünki
dövlət başçımızın apardığı balanslaşdırılmış beynəlxalq siyasət
bir-biri ilə düşmən ölkələrin barışmasına və münasibətlərin
normallaşmasına töhfə vermişdir. Beynəlxalq tərəfdaşlara Cənubi
Qafqazda ayırıca xərclərin çəkilməsinə açıq şəkildə etirazımızı
bildirə bilirik. Ölkəmizin gələcəyə baxışları sülh və əməkdaşlıq
üzərində qurulmuşdur. Bu baxımdan regionda yeni əməkdaşlıq
platformaların yaranmasını dəstəkləyirik. O cümlədən, Ermənistanı
da əməkdaşlığa dəvət edirik. Təbii ki, ölkələrin suveren
ərazilərinə hörmət prinsipi əsasında bu əməkdaşlıq qurulmalıdır. Bu
baxımdan regionda artan gərginliklər fonunda inkişaf edən sabitlik
adası olan Azərbaycan var. Birmənalı şəkildə qeyd edə bilərəm ki,
bu sabitliyin, əməkdaşlığın və inkişafın müəllifi Prezident İlham
Əliyevdir”, – deyə deputat əlavə edib.
Politoloq İlyas Hüseynov isə Trend-ə bildirib ki,
dünyada mürəkkəb proseslər, geopolitik maraqların toqquması, qanlı
müharibələr icra olunur.
“Yeni dünya nizamı prosesində Azərbaycan öz ərazi bütövlüyünü və
suverenliyini təmin edən dövlət kimi milli maraqlarını qətiyyətlə
qoruyur. Digər tərəfdən bizim yerləşdiyimiz geosiyasi bölgədə şimal
və cənub qonşumuz bu və ya digər formada qlobal müharibələrə cəlb
olunub. Bu regionun təhlükəsizliyi baxımında bir sıra sualları
ortaya çıxarır. Azərbaycan bütün regional və qlobal təhdidlərinin
qarşısının alınması istiqamətində ardıcıl addımlar atır. Bu
mürəkkəb geosiyasi konfriqurasiyaya rəğmən Azərbaycan bölgənin
sabitlik adası kimi öz gələcək praqamatik fəaliyyətini təmin edir.
Eyni zamanda qeyd etməliyik ki, Azərbaycan regionda sabitləşdirici
faktor kimi öz mövqeyini təsdiq edib.
Təəsüflər olsun ki, regionda Ermənistan öz destruktiv və pozucu
fəaliyyətini davam etdirir. Bir sıra geosiyasi və qlobal
oyunçuların əlində alət olmaqdan qurtula bilmir. Bu dövlət müstəqil
geosiyasi aktor kimi faəliyyət göstərmək təşəbbüslərini sıfıra
endirib, yalnız alət olaraq regionda öz mövcudluğunu sübuta
yetirmək istəyindədir. Bu da sülhün əldə olunmasına maneə olan əsas
amillərdən biridir”, – deyə o bildirib.





























