Advertisement

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Bakı. Trend:

Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal”
qəzetində ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM
(Universidad Nacional Autónoma de México) Universitetinin
professoru Talya İşcanın müəllifliyi ilə Qərbin Cənubi Qafqazı
qarşıdurma və toqquşmalar üçün yeni platformaya çevirmək niyyətinə
dair “Dananlara və gətirdikləri hədiyyələrə etibar etməyin” (Teman
a los dánaos y a los regalos que traen) başlıqlı təhlil xarakterli
məqalə dərc olunub.

Bu barədə Trend-ə Azərbaycanın Meksikadakı səfirliyindən
bildirilib.

Brüsseldə keçirilmiş məlum 5 aprel görüşünə istinad edən müəllif
sülhə istiqamətlənən regionda Qərbin son addımlarından xəbərdar
olanlar üçün Ermənistana artan marağın təəccüblü olmadığını
bildirib.

Ermənistanı təhrik edərək Cənubi Qafqazı parçalamaq və
Azərbaycanın təcrid olunmasnı nəzərdə tutan keçirilmiş görüşə
münasibətdə ölkəmizin narahatlığına haqq verən müəllif sözügedən
görüşün digər regional güc Türkiyə tərəfindən regionda bir çox
mürəkkəb problemlərin həlli üçün əsas olan neytral yanaşmanı pozmaq
cəhdi kimi qiymətləndirildiyini, Azərbaycanı istisna edən istənilən
təşəbbüsün Cənubi Qafqazın sülh əvəzinə geosiyasi qarşıdurmaya
çevrilməsinə yol açacağı barədə xəbərdarlıq edildiyini
vurğulayıb.

Bu xüsusda, məqaləsində Qərbin və Avropanın Ermənistanla
iqtisadi əməkdaşlıq adı altında pərdələnmiş görüşünün əsl məramını
təhlil edən müəllif görüşün əslində regionu parlaçalamağa yönəlik
bir addım olmasına eyham edib. O, Avropa tərəfindən Ermənistanı
silahlandırmaq və ölkəni Rusiyadan uzaqlaşdırmaqla Cənubi Qafqazı
idarə etmək məqsədilə mütəmadi əsasda səsləndirilən mövcud olmayan
“təşviş yaradan” ssenarilər, habelə Fransa prezidenti və Fransanın
Ermənistandakı səfiri tərəfindən səsləndirilən bəyanatlar fonunda
Qərbin səmimiyyətinin şübhə doğurduğunu bildirib.

Məqaləsində bununla yanaşı Qərbin bu kimi mövqeyinin təhlükəli
olduğunun İtaliya kimi bir sıra Avropa dövlətləri tərəfindən qəbul
edildiyini bildirən müəllif sözügedən ölkələr tərəfindən
Azərbaycanın Aİ-nin tərəfdaşı kimi, xüsusilə də enerji sektorunda
mühüm rolunun tanındığını diqqətə çatdırıb.

Məqaləsində Ermənistanın Qərblə yaxınlaşmasının mənfi
nəticələrindən söz açan müəllif Rusiya və İranın sərgilədiyi
mövqelərə toxunub. O, Ermənistan hökumətinin vəziyyətdən istifadə
edərək özünü Rusiya və İrana qarşı Qərbin dayağı kimi göstərməyə
çalışdığını qeyd edib. Bu xüsusda, Qərb tərəfindən Ermənistanın
tarixi və ən mühüm müttəfiqi Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin öz
növbəsində bir sıra Qərb ölkələri ilə Rusiya arasında yeni
gərginliklərə yol açdığını bildirən müəllif Rusiya mənbələrinə
istinadən Ermənistanda yerləşdirilmiş məlum Aİ missiyasının faktiki
olaraq NATO missiyası olduğunu diqqətə çatdırıb. İrana gəldikdə
isə, Ermənistanın Qərblə yaxınlaşmamaqla bağlı xəbərdarlıq edildiyi
xatırladılıb.

Sonda Qərbin son gedişi və cəhdlərinin Qərblə Rusiya arasında
daha bir qarşıdurmaya səhnə kimi Cənubi Qafqaz regionunun
parçalanması istiqamətində çox təhlükəli tendensiyaya dəlalət
etdiyini bildirən müəllif bunun Ermənistanın gələcəkdə
suverenliyinin zəifləşməsi ilə ölkənin “suriyalaşması” demək
olduğunu diqqətə çatdırıb.