
Bakı. Trend:
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümü ərəfəsindəyik. Ümummilli
Liderin xalqımız qarşısında xidmətlərinin miqyası o qədər böyükdür
ki, onları indiki və gələcək nəsillərə çatdırmaq üçün müxtəlif
mövzularda tədbirlərin keçirilməsinə böyük ehtiyac duyulur. Ölkənin
ictimai – siyasi həyatında aparıcı rol oynayan, yaradıcısı Ulu
Öndər Heydər Əliyev olan Yeni Azərbaycan Partiyası Ümummilli
Liderin ideyalarının təbliğatçısı kimi Onun titanik fəaliyyətinin,
xalqa və dövlətə xidmətlərinin təbliği istiqamətində səylər
göstərir, sıralarında birləşdirdiyi 800 minə yaxın üzvün hər biri
bu işə öz töhfəsini verməkdən qürur duyur.
YAP Xətai rayon təşkilatı Ulu Öndər Heydər Əliyevin anadan
olmasının 101-ci ildönümü ilə bağlı silsilə tədbirlərə start verir.
2024-cü il aprel ayının 17-dən başlayaraq Xətai rayon ümumtəhsil
məktəblərinin yuxarı sinif şagirdləri arasında Ulu Öndər Heydər
Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan “Əbədiyaşar
Lider“ mövzusunda inşa yazı müsabiqəsi və Bakı Şəhər Gənclər və
İdman idarəsinin Xətai rayonu üzrə Gənclər və idman sektoru ilə
birgə keçiriləcək minifutbol turniri də bu tədbirlərin tərkib
hissəsidir.
İnşa yazı müsabiqəsində məktəblilər öz düşüncələri əsasında dahi
şəxsiyyətin dövlətimiz və xalqımız qarşısındakı xidmətləri fonunda
portretini yaradacaq, Onu necə düşündüklərini müsabiqədə fəal
iştirakları ilə ifadə edəcəklər.
Sonda inşa müsabiqəsinin və minifutbol yarışının qalibləri
qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.





























