Advertisement

Ermənistanı iki səfir idarə edir?

Bakı. Trend:

ABŞ və Fransanın Ermənistandakı səfirləri Kristina
Kvinlə Olivye Dekotinyi deyəsən,özlərini dövlətlərinin İrəvandakı
diplomatik nümayəndəliklərinin rəhbərləri yox, qubernator
sanırlar.

Onlar Ermənistan quberniyasının qubernatorları kimi açıqlamalar
verir, bəyanatlarla çıxış edir, ağa qara deyir, qaranı da ağ kimi
təqdim edirlər.

Fransanın Ermənistandakı səfirinin son bəyanatlarına nəzər
salsaq, onların istisnasız olaraq hamısı diplomatik etiket və
səfirliklərin fəaliyyətini tənzimləyən, 1961-ci ildə Vyanada qəbul
edilmiş konvensiyanın şərtlərinin kobud şəkildə pozulmasıdır.

O.Dekotinyi gah “qarabağlı ermənilərin məruz qaldıqları
deportasiya”dan bəhs edir, gah Fransanın Ermənistanı mütləq şəkildə
sürətlə silahlandırmaq məcburiyyətində olduğunu vurğulayır, gah
Azərbaycanınn Ermənistanla şərti dövlət sərhədinə gələrək rəsmi
Bakının ünvanına hədələrlə zəngin paylaşımlar edir, gah da Parisin
İrəvanı maksimum dərəcədə dəstəklədiyini və bu dəstəyin daha da
güclənəcəyini bəyan edir.

Fransanın Ermənistandakı diplomatik missiyasının rəhbəri
səfirdən daha çox, siyasi makler və vasitəçi təsiri bağışlayır.
Onun diplomatik təcrübəsi, intellekti və yaşanan prosesləri
dəyərləndirmək üçün məntiqi ümidsizlik doğurduğundan, Olivye
Dekotinyi isterik demaqoq təsiri bağışlayır.

ABŞ-ın Ermənistandakı səfiri xanım Kristina Kvin isə tam fərqli
davranır və təcrübəli diplomat əvəzinə usta intriqan, peşəkar
yalançı obrazındadır.

K.Kvinin “Azadlıq Radiosu”nun erməni xidmətinə verdiyi müsahibə
provokativ çağırışlarla absurd iddiaların bilərəkdən ifrata
çatdırılmasının baris nümunəsi sayılmalıdır.

Onun sözlərinə görə, ABŞ və Ermənistan arasında əldə edilmiş bir
sıra razılaşmalar çərçivəsində Vaşinqton İrəvana zirehli təcili
yardım maşınları verəcək.

Qarabağlı ermənilərin Azərbaycanı könüllü tərk edərək
Ermənistana yollanması ilə bağlı suala K.Kvin çox “maraqlı” cavab
verib: “Baş vermiş hadisələrlə bağldı faktarın toplanması davam
etdiyindən, qarabağlı ermənilərin məruz qaldığı hadisənin etnik
təmizləmə və ya deportasiya olduğunu dəqin deyə bilmərik. Yığılan
faktlar sonradan ABŞ Dövlət Departamentinin hesabatında əks
olunacaq”.

Səfirin sözlərinə görə, aprelin 5-də Brüsseldə Avropa
Komissiyasının sədri Ursula fon der Lyayenlə və Ermənistanın baş
naziri Nikol Paşinyanla görüşündə ABŞ-ın dövlət katibi Entoni
Blinken “Qarabağdan deportasiya olunmuş ermənilərə dəstək”
məqsədilə Vaşinqtonun 7,5 milyon dollar ayırdığını bəyan edib.

Kristina Kvinin daha sonrakı açıqlaması isə ümumiyyətlə, siyasi
provokasiya sayıla bilər və sayılmalıdır da.

“Qarabağlı ermənilərlə bağlı hələlik konkret olaraq bunu deyə
bilərəm ki, beynəlxalq hüquqa görə, qaçan insanların geri qayıtmaq
və təhlükəsiz şəraitdə yaşamaq hüquqları olmalıdır. Birləşmiş
Ştatlar qayıdış hüququnu qətiyyətlə dəstəkləyir. Biz, təbii ki,
qarabağlı ermənilərin geriyə, Qarabağa nə zamansa qayıtmalarını
təmin etməyin yollarını araşdırmaq üçün beynəlxalq təşkilatlarla
işləməyə hazırıq. Vaşinqton qarabağlı ermənilərlə bağlı məsələni
qapanmış hesab etmir. Təbii ki, sonadək həll olunmamış çoxsaylı
problemlər var. Onu da deməliyəm ki, Ermənistanda olan qarabağlı
erməni qaçqınların əksəriyyəti qayıdışı təhlükəsiz hesab etmirlər.
Etiraf etməliyik ki, onların qayıda biləcəkləri mühit təhlükəsiz
deyil. Bəhs etdiyim səbəbdən qarabağlı erməniləri Ermənistanda
dəstəkləməyə üstünlük veririk. Onların qayıdışına və vətənlərində
ləyaqətli, təhlükəsiz yaşamlarınaimkan verən həll yolu tapılarsa,
Azərbaycan hökuməti bu prosesdə əhəmiyyətli dərəcədə iştirak
etməlidir”, – K.Kvin deyib.

ABŞ-ın Ermənistandakı səfirinin bu açıqlaması təbii ki, Bakıda
birmənalı qarşılanmayıb.

Birləşmiş Ştatların ölkəmizdəki səfirliyi olayla əlaqədar
bildirib: “Amerika Birləşmiş Ştatları Cənubi Qafqaz regionunda hər
kəsin, o cümlədən Ermənistanı tərk etmiş azərbaycanlıların
hüquqlarına riayət olunmasını dəstəkləyir. ABŞ etnik
mənsubiyyətindən və ölkəsindən asılı olmayaraq, hər kəsin
hüquqlarına hörmət edildiyi regionda ədalətli və layiqli sülh üçün
şəraitin yaradılmasını dəstəkləyir. Davamlı sülhə aparan yeganə yol
danışıqlar masasına oturmaqdır”.

Amma bu, yaranmış problemin həlli deyil.

Birləşmiş Ştatların Ermənistandakı səfiri Kristina Kvin
“evlərini tərk edənlərin qayıdış hüququ”ndan bəhs edəndə nədən
çalışdığı ölkədə bu problemlə bağlı vəziyyətdən bəhs etməyib?

Nə səbəbdən K.Kvin indiyədək bir dəfədə də olsun 700 minə yaxın
etnik azərbayxanlının Ermənistandakı yurd-yuvalarından, evlərindən
vəhşicəsinə qovulmalarından, xalqımızın milli-mədəni və tarixi
irsinin indiki Ermənistanda məhv edilməsindən bəhs etməyib?

Kristina Kvin nə üçün Ermənistandan sürgün edilən, çıxarılan
azərbaycanlıların geri qayıdış hüquqlarından danışmaq istəmir?

Əgər ABŞ gerçəkdən də, Cənubi Qafqazda sülh və stabillik,
inkişaf və rifah istəyirsə, Ermənistanda etnik və dini zəmində
təqiblərə, işgəncələrə və qətllərə məruz qalmış soydaşlarımızın
hüquqlarının bərpasına çalışmalı, yüz minlərlə azərbaycanlının
indiki Ermənistana dinc, ləyaqətli və təhlükəsiz qayıdışının təmin
edilməsi üçün əməli addımlar atmalı, konkret və səlisi siyasi
addımlar atmalıdır.

Halbuki, tam əks mənzərəni müşahidə edirik.

Apredin 5-də Brüsseldə keçirilmiş görüşlə bağlı rəsmi – təbii
ki, natamam – açıqlamalara görə, ABŞ Ermənistana 65 milyon dollar
məbləğində yardıim ünvanlayacaq. ABŞ-ın Beynəlxalq İnkişaf
Agentliyinin (USAİD) direktoru Samanta Pauer isə rəhbərlik etdiyi
qurumun İrəvana “ABŞ və Ermənistan arasında ticari dövriyyənin
artması üçün” 33 milyon dollar verəcəyini bildirib.

Bundan başqa, ABŞ və Ermənistan arasında hərbi-texniki
əməkdaşlığı intensivləşdirmək məqsədilə Vaşinqton İrəvana hərbi
müşavir yollayacaq.

Azərbaycanın ərazilərinin 20 faizini 30 il ərzində işğalda
saxlayan, minlərlə kvadrat kilometrlik ərazilərimizi minalayan,
İkinci Qarabağ Müharibəsi zamanı şəhər və rayon mərkəzlərimizi
raket-bomba zərbələrinə məruz qoyaraq dinc insanları qətlə yetirən
Ermənistana qarşı hər hansı sanksiyalar tətbiq etməyən ABŞ-ın
İrəvandakı səfiri “Bakı ilə bağlı fikir”lər söyləyir.

Elə absurd fikirlər ki, ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi
İrəvandakı həmkarının açıqlamalarının yaratdığı mənfi reaksiyanı
yumşaltmağa çalışır.

Lakin nə də olsa, ABŞ mövqeyini bildirməli və açıqlamalıdır ki,
Birləşmiş Ştatların Bakıdakı səfirinin Şuşa və Xankəndiyə hələ də
bir dəfə olsun (!) səfər etməməsi İkinci Qarabağ Müharibəsinin,
habelə ötən ilin sentyabrında Azərbaycan Ordusunun Qarabağ iqtisadi
regionunda keçirdiyi lokal antiterror əməliyyatlarının sonuxlarınnı
Vaşinqton tərəfindən tanınmaması kimi qəbul edilməlidir?

Sual açıq qalıb…