Advertisement

Fransanın addımları sülhə xidmət etmir – Azərbaycan XİN

Bakı. Trend:

Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq,
bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar
anti-Azərbaycan addımları hər kəsə məlumdur.

Trend xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin
mətbuat katibi Ayxan Hacızadənin Fransanın ölkəmizdəki səfirinin
geri çağırılması ilə bağlı yerli mətbuatın sualına cavabında
deyilir.

“Məhz Fransada hakim partiyanın nümayəndələrinin təşəbbüsü ilə
Fransa Parlamentində ölkəmizə qarşı çoxsaylı əsassız ittihamların,
təhqir və təhdidlərin əks olunduğu, Azərbaycanın ərazi bütövlüyü və
suverenliyini sual altına qoyan və xələl gətirən, keçmiş qondarma
rejimi tanıyan qərar və qətnamələr qəbul edildiyini xatırlatmaq
istərdik.

Bu müddət ərzində Fransa ərazisində mövcud olan Azərbaycanofob
mühitin nəticəsi olaraq səfirliyimizə qarşı dəfələrlə hücumların
edilməsi və səfirliyin binasına zərər yetirilməsi, nəhayət
ağlasığmaz addım kimi 19-cu əsr görkəmli Azərbaycan şairəsi
Xurşidbanu Natəvanın büstünə qarşı vandallıq aktlarının törədilməsi
və hökumət tərəfindən bunun qarşısının alınması üçün tədbirlər
görülməməsi Fransanın Azərbaycan əleyhinə kampaniyasının tərkib
hissələridir.

Eyni zamanda, Azərbaycanın BMT-nin İqlim Dəyişikliyi üzrə
Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına
(COP29) sədrliyini və ev sahibliyini hədəf alan çağırışlar edən
Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi tam
əsassızdır.

Bununla yanaşı, Ermənistanın geniş şəkildə silahlanmasını həyata
keçirən, bölgədə militarizmi təşviq edən Fransanın addımlarının
sülhə xidmət etmədiyi gün kimi aydındır.

Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid və təzyiq dili ilə
danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli
maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir
daha bəyan edir”, – məlumatda deyilir.