
Bakı. Trend:
Azərbaycanın iqamətgahı Vatikan şəhərində olmaqla Müqəddəs
Taxt-Tacdakı və Portuqaliyadakı səfiri İlqar Muxtarov
etimadnaməsini Portuqaliya Prezidenti Marselo Rebelo de Sousaya
təqdim edib.
Trend xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin
salamlarını Marselo Rebelo de Sousaya çatdıran səfir, eyni zamanda,
ölkəmizin Portuqaliya ilə ikitərəfli münasibətlərə xüsusi önəm
verdiyini, tezliklə Lissabon şəhərində səfirliyimizin diplomatik
ofisinin açılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Marselo Rebelo de Sousa öz növbəsində onun da salamlarını
Azərbaycan Prezidentinə çatdırmağı xahiş edib və tezliklə
dövlətimizin başçısı ilə görüşməkdən məmnun olacağını bildirib.
Etimadnamənin təqdimetmə mərasimi XVI əsrə aid qədim kral sarayı
olan və Portuqaliya Prezidentinin rəsmi iqamətgahı kimi fəaliyyət
göstərən tarixi Belem sarayında keçirilib.





























