
Bakı. Trend:
Azərbaycanda həyata keçirilən infrastruktur layihələri
nəticəsində əhalinin rahatlığının təmin olunması üçün əlverişli
şərait yaradılıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir
yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə
bağlı olan layihələr artıq öz səmərəsini göstərir.
Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil
Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Azərbaycanda bir çox infrastruktur
layihələri gerçəkləşib. Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə
çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik
stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli
dərəcədə irəliləyişə nail olunub.
“Azərbaycanda bütün layihələr Prezident İlham Əliyevin də
vurğuladığı kimi planlı şəkildə icra olunur. İqlim dəyişikliyi ilə
bağlı bütün dünyada narahatlıq doğuran məsələlərdən biri isə su ilə
bağlıdır. Bu il kifayət qədər qar, yağış yağması səbəbindən bizim
su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var, lakin biz
daha öncəki illərdə quraqlıqla bağlı müəyyən problemlər
yaşadıq.
Dövrümüzün iqlim problemləri su ehtiyatlarından effektiv
istifadəni vacib edən amillərdəndir”, – deyə deputat əlavə
edib.
Deputat onu da qeyd edib ki, Yuxarı Şirvan suvarma kanalının
bərpası Azərbaycanın su ehtiyatlarından səmərəli istifadəsi üçün
gördüyü tədbirlərdəndir: “Əslində bu kanal yenidən inşa ediləcək
desək yanılmarıq, çünki sözügedən kanal 1958-ci ildə inşa edilib.
İllər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və su
sızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçün
yararsız vəziyyətə düşüb.
Kanalın yenidən qurulması ilə minlərlə insan bu layihədən
faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə
artırılacaq və 200 kilometrdən çox olacaq. Bu da həmin ərazilərdə
əkin sahələrinin 2 dəfədən çox artırılmasına imkan verəcək.
Ümumilikdə bu layihə nəticəsində 230 min hektar əkin sahəsini
suvarmaq mümkün olacaq”.
S.Mikayılova vurğulayıb ki, su ehtiyatlarından effektiv istifadə
istiqamətində görülən işlər tək bununla da yekunlaşmır. Eyni
zamanda Taxtakörpü və Şəmkirçay su anbarları əhəmiyyətli layihələr
idi. Gələn il inşasına başlanılacaq Qarabağ kanalı da böyük bir
ərazini əhatə edəcək. Artıq qəbul edilmiş proqram əsasında
Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ
rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir:
“O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10
min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra
ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Əlbəttə suya
qənaət hər birimizin öhdəliyinə düşən məsələlərdəndir və Azərbaycan
dövləti üzərinə düşən bütün vəzifələri icra edir”.
S.Mikayılova onu da bildirib ki, işğaldan azad edilmiş Qarabağ
və Şərqi Zəngəzur mövcud olan su resursları Azərbaycanın ümumi su
resurslarımızın 25 faizini təşkil edir.
“Artıq Azərbaycan bütün su hövzələrinə tam sahib olub. Bir
müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı oldu.
Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı
olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su
anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki
kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir
ediləcək.
Görülən bütün infrastruktur layihələri imkan verir ki, həm azad
olunmuş ərazilərdə, həm də digər bölgələrimizdə kənd təsərrüfatının
inkişafı üçün böyük perspektivlər yaransın. Əminik ki, icra olunan
layihələr və ən müasir texnologiyaların tətbiqi nəticəsində
ölkəmizdə həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük və
digər kənd təsərrüfatı sahələri geniş vüsət alacaq, mövcud
göstəricilər daha da yüksələcək”, – deyə Sevil Mikayılova qeyd
edib.





























