
Bakı. Trend:
Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır.
Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərlə
bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında
əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə
etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz
hesab edir. Ölkəmizin istər 30 il davam edən işğal, istər 44 günlük
İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə əksər
dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə
qaldığı inkaredilməz reallıqdır. Artıq tarixin arxivinə atılmış
Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan
amillərdən biri də məhz əksər dünya güclərinin, xüsusilə keçmiş
münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyi
öhdəsinə götürən, artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun
həmsədrlərinin ikili yanaşmaları oldu. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə
bizi çaşdırmaq, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb
etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın
burada ayırıcı xətlər müşahidə olunur. “Biz o ayırıcı xətləri
çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç
ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri
açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək
istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!”.
Prezident İlham Əliyevin bu fikirləri digər dövlətlərə ədalət,
beynəlxalq hüquq “dərsi” keçməyə cəhd göstərən, amma reallıqda özü
bu prinsiplərdən xəbərsiz olan Fransa kimi müstəmləkəçilik
niyyətindən əl çəkmək istəməyən dövlətlərə tutarlı cavabdır.
Bu sözləri Trend-ə Yeni
Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi
elmlər doktoru, professor Vüqar Rəhimzadə söyləyib.
O qeyd edib ki, ermənipərəst mövqeyini atdığı hər bir addımı ilə
təsdiqləyən rəsmi Paris tarixi Zəfərimizdən sonra erməni sevgisini
tamamilə açıq müstəviyə keçirdi. Fransa İkinci Qarabağ
müharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçün
mümkün olan bütün addımları atıb. BMT-də Azərbaycana qarşı
qətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında Azərbaycan
əleyhinə apardığı kampaniya, Avropa Parlamentində ölkəmiz əleyhinə
qətnamələrin qəbulunda aktiv iştirak etməsi və sair kimi
sıralanması bitməyən addımları bu dövlətin barışmaz anti-Azərbaycan
mövqeyini nümayiş etdirir. Fransa nə 30 illik işğal dövründə
münaqişənin həlli istiqamətində addım atdı, nə də postmünaqişə
dövründə sülh müqaviləsinin imzalanmasına səylər göstərir.
Fransanın Ermənistanı yenidən silahlandırması, yeni münaqişə
ocaqları yaratmaq cəhdləri günümüzün reallıqları sırasındadır. Bu
dövlət utanmadan bunları inkar edib Azərbaycanı günahlandırmaqla
özünə qarşı inamsızlığı daha da artırır, ölkələr arasında
əlaqələrin inkişafında əsas faktor olan etimad mühitini tamamilə
sıfıra endirir. Təbii ki, Makron hakimiyyətinin xəbis niyyəti qeyd
etdiklərimizlə bitmir. Belə ki, Azərbaycanın görkəmli şairi
Xurşidbanu Natəvanın abidəsi ilə bağlı hadisələr rəsmi Parisin
ölkəmiz əleyhinə apardığı kampaniyanın tərkib hissələridir. Reallıq
budur ki, bugünkü Fransanın işğalçı Ermənistanla heç bir fərqi
yoxdur. Bu kimi addımlar hər iki dövləti oxşar və ortaq maraqların
birləşdirdiyini bir daha təsdiqləyir.
Vüqar Rəhimzadə vurğulayıb ki, Laçın yolundakı ekoaksiya zamanı
Fransanın “blokada şousu”, Yelisey sarayının Ermənistanı
silahlandırması da özündə bütün məqamları açıqlayır. Azərbaycanın
Ermənistana sülh təklifini böyük narahatlıqla qarşılayan rəsmi
Paris atdığı bütün addımlarında sülh müqaviləsinin imzalanmasının
əleyhinə olduğunu təsdiqləyir. Aprelin 5-də Fransanın ssenarisi
əsasında təşkil edilən, açıq-aşkar regionda sabitliyə,
təhlükəsizliyə qarşı olan ABŞ-Avropa İttifaqı-Ermənistan görüşündə
belə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini
bildirdi. Bunları görməzdən gələn rəsmi Paris diqqəti özünün
yaratdığı gərginliklərdən yayındırmaq üçün Azərbaycandakı səfirini
geri çağırmağı bir çıxış yolu hesab etdi. Münasibətlərin
pozulmasına yönəlmiş bu kimi addımlar rəsmi Bakı tərəfindən yox,
Yelisey sarayı tərəfindən atılıb. Bütün bunlardan sonra Fransanın
özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür.
“Əvvəldə də vurğuladığım kimi, Azərbaycan bütün dövlətlərlə
münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri
çərçivəsində qurulmasına tərəfdardır. Hansısa ölkə bunun əksini
edirsə, bu o ölkənin öz problemidir. Fransa Bakıdakı səfirinin geri
çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı ata
bilər.
Xarici İşlər Nazirliyinin bəyanatında da Fransanın Azərbaycanı
birtərəfli addımlarda təqsirləndirməsinin tam əsassızlığı faktlarla
diqqətə çatdırıldı.
Hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan
bütün dövlətlərdən, beynəlxalq təşkilatlardan da özünə qarşı bu cür
yanaşmanı tələb edir. Maraqların beynəlxalq hüququ üstələməsi
münaqişələrin dərinləşməsinə, gərginliklərin artmasına səbəb olur.
BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının maraqlarına
uyğun gələndə 1-2 saatın içində icrasına nail olan bəzi dünya
gücləri Azərbaycana gəldikdə işğalçının adı ilə çağırılmasının
münaqişənin həllinə mane olacağını bildirməklə Ermənistana
dəstəklərini göstərdilər. Təbii ki, vasitəçi neytral mövqe nümayiş
etdirməlidir. Bütün zamanlarda neytrallığı qorumayıb birtərəfli
mövqeyi ilə diqqətdə olan Fransa kimi neokolonializm siyasəti
həyata keçirən dövlətin bu gün Azərbaycanı birtərəfli addımlarda
təqsirləndirməsi ən azı təəccüb doğurur”, – deyə o əlavə edib.





























