
Bakı. Trend:
Azərbaycanın qətiyyətli tədbirləri sayəsində Asiyada Qarşılıqlı
Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQFETM) məkanında bir
münaqişə azaldı.
Trend xəbər
verir ki, bu barədə AQFETM-in baş katibi Kayrat Sarıbay brifinqdə
deyib.
“Azərbaycanın qətiyyətli və qanuni tədbirləri sayəsində AQFETM
məkanında bir münaqişə azaldı. Azərbaycan münaqişələrin həlli,
eləcə də, münaqişə sonrası bərpa üzrə unikal təcrübəyə malikdir”, –
deyə o bildirib.
Bundan başqa, Kayrat Sarıbay AQFETM-in qarşıdakı nazirlər
müşavirəsinin payızda Bakıda keçiriləcəyini qeyd edib.
“AQFETM dinamik şəkildə inkişaf edir, ona tələb var və böyük
perspektivə malikdir. Azərbaycanın AQFETM-də sədrliyi çox effektiv
olacaq. Azərbaycan bir çox təşkilatlarda uğurla sədrlik edib”, – o
deyib.
Onun sözlərinə görə, Azərbaycanın bütün AQFETM üzv dövlətlərinin
maraqları ilə eyni olan öz milli maraqları da var.
Kayrat Sarıbay qeyd edib ki, Azərbaycan AQFETM-in yaradılmasının
ilk tərəfdarları arasında olmaqla, ilk AQFETM sənədini qəbul etmiş
15 ölkədən biridir.
“Azərbaycanın sədrliyi 30 il əvvəl Qazaxıstan tərəfindən irəli
sürülmüş təşəbbüsü daha da inkişaf etdirməyə imkan verəcək”, – deyə
o əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























