Advertisement

Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Bakı. Trend:

Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki
mövcud reallığın nəticəsidir.

Trend xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün
Qarabağda tamam fərqli bir mənzərə mövcuddur:

“Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr
üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt
Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi.
Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi
qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin
2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi
lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni
silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz
suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün
vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam
təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə
qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və
Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez
bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”.

Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması
onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin
iddialarını da boşa çıxardı:

“Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal
müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış
addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq
mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut
edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı
ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu
cür tənqidlər qərəzdən başqa bir şey deyil”.