Advertisement

Sülhməramlıların getməsi Azərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu – Azər Qarayev

Bakı. Trend:

Biz növbəti dəfə Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin
siyasətinin qətiyyətini gördük. Ümumiyyətlə, son dövlər Prezident
İlham Əliyevin yürütdüyü siyasətin necə zərgər dəqiqliyi ilə
hesablandığı hər dəfə isbatlanır.

Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.

A.Qarayev bildirib ki, sülhməramlıların Azərbaycan ərazisini
tərk etmələri heç də təsadüfi deyil.

“Vurğulanmalıdır ki, Azərbaycan və Rusiya arasında münasibətlər
kifayət qədər yüksək səviyyədədir və sülhməramlıların ölkəmizi tərk
etməsi həm də ikitərəfli münasibətlərin göstəricisidir. Münaqişənin
həllindən sonra Rusiya anladı ki burada qoşunlarını saxlamaq
mənasızdır. Artıq münasibətlərdən hərbi komponentin çıxarılması
daha yaxşı əməkdaşlıq üçün imkanlar açır.

İkinci Qarabağ müharibəsi və ondan sonra keçirilən lokal
anti-terror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam
bərpa etdi. Bütün bunlar isə Azərbaycan tərəfindən dəqiqliklə
hesablanmış siyasətin tərkib hissəsi idi”.

Politoloq vurğulayıb ki, 10 noyabr bəyanatı imzalanarkən
sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi
maddəsində məhz Prezident İlham Əliyev israr etmişdi.

“Həmin dövrdə biz bəzi qaragüruhçular tərəfindən bu məsələ ilə
bağlı eşidirdik ki, “rusiyalı sülhməramlılar burada qalacaq,
getməyəcəklər” və s. Amma bu gün biz növbəti dəfə şahidlik edirik
ki, Azərbaycan Prezidenti nəyi nə vaxt etməyi özü bilir.
Sülhməramlılar nəinki 2025-ci ildə, hətta daha tez Azərbaycanı tərk
edirlər. Bu proses tamamilə Azərbaycan xalqının mənafeyinə uyğun
şəkildə baş verir. Deməli, bəziləri hadisələri qabaqlamaqda ciddi
yanlışlığa yol vermişdilər”.

A.Qarayev onu da əlavə edib ki, bəzi dairələr bu məsələdə də
ikili standartlar nümayiş etdirirlər.

“Bir sıra Qərb dairələri münaqişənin həll olunmasını və
sülhməramlıların Azərbaycan ərazisini tərk etməsini alqışlamaq
əvəzinə, məsələni neqativ yöndə şərh edirlər. Əlbəttə, bu da
təəccüblü deyil, çünki Cənubi Qafqazda sülh olmamasında maraqlı
qüvvələr var və onlar müxtəlif yollarla öz məqsədlərinə çatmaq
istəyirlər. Azərbaycana təzyiq göstərə bilməmələri onlarda müəyyən
qıcıq yaradır. Həmin qüvvələr regionda davamlı sülhün təmin
olunmasında maraqlı deyil və öz geosiyasi məqsədlərini
güdürlər.

Dövlətimiz isə hər zaman Aəzrbaycan xalqının mənafeyini əsas
götürərək, müstəqil siyasət yürüdür və hansısa geosiyasi məqsədlərə
xidmət etmir. Sülhməramlıların Azərbaycan ərazisini tərk etməsi də
Azərbaycanın yürütdüyü siyasətin məntiqi sonluğu oldu, artıq açıq
qalan heç bir məsələ qalmadı”.