Advertisement

Milli Məclislə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq Memorandumu imzalandı

Bakı. Trend:

Azərbaycan Milli Məclisi və Yeni Kaledoniyanın Konqresi arasında
Əməkdaşlıq haqqında Memorandum imzalanıb.

Trend xəbər verir ki, Memorandumu Azərbaycan Milli Məclisi
adından Sahibə Qafarova, Yeni Kaledoniyanın Konqresi adından isə
Rok Vamitan imzalayıb.

Sənədə görə, Azərbaycan Milli Məclisi Yeni Kaledoniya xalqının
öz müqəddəratını təyinetmə hüququnu nəzərə alır və mövzu ilə bağlı
beynəlxalq ictimaiyyəti məlumatlandıracaq.

Bundan başqa, Memoranduma əsasən, Azərbaycan və Yeni Kaledoniya
xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi naminə
tərəflər parlamentlərarası əməkdaşlığı inkişaf etdirəcək,
qanunvericilik orqanlarının komissiyaları, komitələri və orqanları
arasında daimi əlaqələrin yaradılmasına köməklik göstərəcək,
həmçinin parlament və beynəlxalq fəaliyyət təcrübələrinin
öyrənilməsi və bölüşülməsi məqsədilə parlament üzvlərindən ibarət
nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini təşkil edəcək,
parlamentlər arasında əməkdaşlıq üçün deputatlardan ibarət müvafiq
qrup yaradacaq, qanunvericilik aktlarının hazırlanması və qəbuluna,
eləcə də parlamentlərarası əməkdaşlığa dair təcrübələr barədə
bir-birini məlumatlandıracaq, öz fəaliyyətləri ilə bağlı hüquqi və
digər məlumatları biri-biri ilə paylaşacaq, Azərbaycanla Yeni
Kaledoniya arasında beynəlxalq parlament arenasında əməkdaşlığın
müxtəlif istiqamətlərinin araşdırılması, nəzərdən keçirilməsi,
inkişaf etdirilməsi və həyata keçirilməsi üçün fəal səylər
göstərəcək, qanunvericilik orqanlarının səmərəli fəaliyyətinə
müsbət töhfə verə biləcək təcrübə mübadiləsi aparılması məqsədilə
Azərbaycan Milli Məclisinin Aparatı ilə Yeni Kaledoniya Konqresinin
Bürosu arasında daimi əlaqələr yaradılmasına dəstək verəcək.

Sənəddə o da qeyd olunur ki, Əməkdaşlıq haqqında Memorandumun
məqsədlərinin həyata keçirilməsi üçün müntəzəm görüşlər təşkil
ediləcək.