Advertisement

Fransa öz tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir – Spiker

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni
Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması,
Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri,
Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq
etdiyi nümayəndə heyəti ilə görüşdə Fransanın Cənubi Qafqaz
regionunda sabitliyi pozmağa yönəlmiş siyasətinin tənqid edib.

Bu barədə Trend
Parlamentdən məlumat verilib.

Spiker Sahibə Qafarova bildirib ki, Fransa öz tarixində qara
ləkə olan kolonializmi yalnız öz keçmiş müstəmləkələrində, zor
gücünə öz hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də
digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirmək
niyyətindədir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam
edən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan Minsk
Qrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki,
bu gün də Cənubi Qafqaz sülh səylərini, sabitliyi pozmağa yönəlmiş
siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır,
militarizmi təhrik edir. O, təəssüflə Fransanın bu gün Azərbaycana
qarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalq
platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı
qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin
də dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizə
təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün,
əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə
yönəlibdir.

Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentinin üzvləri
Fransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir və onun
neokolonializm siyasətinin ifşası istiqamətində səylər
göstərir.