Advertisement

Fransa müstəmləkəçilik siyasətini qanunvericilik baxımından reallaşdırmağa çalışır – Komitə sədri

Bakı. Trend:

Bu gün Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik
azlıqların hüquqlarını məhdudlaşdırmağa çalışır.

Trend-in məlumatına görə, bunu Yeni Kaledoniya Konqresinin
İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika,
Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin Bakıda
keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını
təyin etməklə bağlı üçüncü referendumun keçirilməsinə mane olmağa
çalışır.

“Fransa müstəmləkəçilik siyasətini artıq qanunvericilik
baxımından da reallaşdırmağa çalışır. Bunda da məqsəd odur ki,
minlərlə insan Fransanın xeyrinə qərarlar qəbul etsin. Hətta Fransa
çalışır ki, kənardan 30 min insana səs vermək hüququ versin və öz
istəyinə nail olsun.

Yeni Kaledoniya zaman-zaman Fransa ilə müxtəlif müqavilələr
imzalayıb. Onların vasitəsilə Fransa Yeni Kaledoniya xalqının
müqəddəratını və müstəqilliyinə dəstək göstərməli idi. Lakin bu gün
Fransa konstitusiyada dəyişikliklər etməklə, etnik azlıqların
hüquqlarını məhdudlaşdırmağa çalışır”, – deyə o əlavə edib.