
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr
2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk
etmələri, şübhəsiz ki, ilk növbədə nəyin necə və nə vaxt edilməsini
hər kəsdən yaxşı bilən, ölkəmizin milli maraqlarının qorunması və
təmin olunması, strateji müttəfiqlərinin və tərəfdaşlarının
seçilməsi istiqamətində sistemli və qətiyyətli siyasət yürüdən
Prezident İlham Əliyevin növbəti uğurudur. Bu, eyni zamanda
Azərbaycanla Rusiya arasındakı əlaqələrin dövlətlərin suveren
hüquqlarına münasibətdə qarşılıqlı hörmətə və etimada söykəndiyinin
göstəricisi kimi dəyərləndirilə bilər.
Bunu Trend-ə siyasi şərhçi
Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, Rusiya sülhməramlı
kontingentinin müvəqqəti dislokasiya olunduqları Azərbaycan
ərazilərini vaxtından əvvəl tərk etmələrini şərtləndirən çoxsaylı
faktorlar var və bu faktorların formalaşmasında Azərbaycanın 10
noyabr 2020-ci il bəyanatı, həmçinin beynəlxalq hüququn norma və
prinsipləri çərçivəsində yürütdüyü siysasət, eləcə də regionda
davamlı sülhün əldə edilməsi istiqamətində göstərdiyi səylər, bütün
aspektlərdən məsuliyyətli və sistemli davranışar müstəsna rol
oynayıb.
“Qeyd edim ki, 10 noyabr 2020-ci il bəyanatının imzalanmasından,
eləcə də bu bəyantdan irəli gələn razılaşmaların əldə olunmasından
sonra, Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə
yetirib, Qarabağın bir neçə rayonunda məskunlaşan erməni azlığının
cəmiyyətimizə reinteqrasiya etmələri üçün maksimum səy və
dözümlülük nümayiş etdirib, öz suveren hüquqları çərçivəsində bütün
hüquqi və humanitar tədbirlərin həyata keçirilməsi üçün əlverişli
şərait yaradıb, müharibədə qalib gəlməsinə baxmayaraq, sülh
müqaviləsinin təşəbbüskarı kimi çıxış edib, əzici üstünlüyə sahib
olmasına rəğmən, çağdaş dünyanın reallıqlarında çoxlarına nümunə
ola biləcək, dinc birgəyaşayışa xidmət edən ləyaqətli və kifayət
qədər tolerant davranışlar sərgiləyib.
Bunun qarşılığında isə, Ermənistan 10 noyabr 2020-ci bəyanatı və
digər razılaşmalarla üzərinə götürdüyü öhdəliklərin heç birini
nəinki yerinə yetirməyib, hətta regiondan kənar qüvvələrdən dəstək
almaqla təxribatlarını davam etdirib.
Nəticədə Azərbaycan, təxminən 3 illik səbr və dözüm nümayişindən
sonra mülki vətəndaşlarının təhlüksəziliyini təmin etmək
istiqamətində ölkə konstitusiyasının tələblərinə və Beynəlxalq
Jumanitar Hüququn prinsiplərinə uyğun addımlar atmaq
məcburiyyətində qalıb. Nəticədə, vətəndaşlıq statuslarından asılı
olmayaraq, mülki sakinlərin təhlükəsizliyi maksimum təmin edilməklə
gerçəkləşdirilən antiterror tədbirləri sayəsində işğalçı qüvvələrin
və qanunsuz hərbi birləşmələrin Azərbaycan ərazilərində
mövcudluğuna son qoyulub, həmin ərazilərdə Azərbaycanın legitim
təsisatlarının fəaliyyətinə imkan yaradılıb, təhlükəsizlik təmin
olunub. Lakin Azərbaycanın bütün hüquqi addımlarına, təqdim edilən
reinteqrasiya planının real perspektivinə baxmayaraq, Qarabağın
bəzi ərazilərində yaşayan və məskunlaşan erməni əhalinin
əhəmiyyətli hissəsi Azərbaycan ərazilərini könüllü şəkildə tərk
ediblər və Ermənistanın rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol
Paşinyan da bu hadisələr zamanı erməni azlığının təmsilçilərinə
münasibətdə hər hansı bir təzyiqin olmadığını etiraf edib”, – o
bildirib.
O qeyd edib ki, hazırda real vəziyyət ondan ibarətdir ki,
Azərbaycan işğaldan və separatizmin hərbi təzahürlərindən xilas
edilən ərazilərində genişmiqyaslı və sürətli bərpa-quruculuq işləri
həyata keçirilir.
“Həmin ərazilərdə Azərbaycanın bütün dövlət qurumlarının müvafiq
təmsilçilikləri yaradılıb, təhlükəsizlik ən yüksək səviyyədə təmin
edilib. Ölkəmizin reinteqrasiya planı və bunun üçün yaradılan
kifayət qədər sadə prosedur ortalıqdadır. Yəni işğala qədər
Azərbaycan ərazilərində doğulan və yaşayan, eləcə də onların
varisləri bu sadə prosedurlardan istifadə etməklə cəmiyyətimizə
reinteqrasiya oluna bilərlər və onların digər Azərbaycan
vətəndaşları kimi bütün konstitusion hüquqlarının qorunmasına
təminat verilir. Bu baxımdan da, Rusiyanın sülhmərmalı missiyasının
Azərbaycan ərazilində mövcudluğuna lüzum qalmır və onlar öz
missiyalarını 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında göstərilən
müddətdən daha tez başa vurublar. Bu prosesin tez bir zamanda başa
çatdırılması, təhlükəsizliyin tam təmin edilməsi isə, şübhəsiz ki,
Azərbaycının uğuru hesab olunmalıdır.
Ermənistan isə daha öncə qeyd olunduğu kimi, 10 noyabr 2020-ci
il bəyanatında yer alan öhdəliklərindən heç birini, o cümlədən
Azərbaycan Respublikası ilə onun ayrılmaz hissəsi olan Naxçıvan MR
arasında manesiz gediş-gəlişi təmin etmədiyi və bu istiqamətdə
siyasi iradə nümayiş etdirmək niyyətində olmadığı üçün sözügedən
sənəd qüvvədən düşmüş hesab olunur. Bəyanatın Azərbaycanla Rusiyaya
aid olan hisəsi isə, faktiki olaraq icra edilib və bu baxımdan da
sülhməramlılar öz missiyalarını vaxtından əvvəl başa vuraraq,
müvəqqəti dislokasiya olunduqları əraziləri tərk ediblər”, – siyasi
şərhçi əlavə edib.





























