
Bakı. Trend:
Azərbaycanın sədrliyi Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad
Tədbirləri üzrə Müşavirənin (AQEM) Xarici İşlər Nazirləri Şurasının
növbəti iclası bu il Bakıda keçiriləcək.
Bu barədə Trend-ə özəl müsahibəsində AQEM-in baş katibi Kayrat
Sarıbay deyib.
“Düşünürəm ki, Azərbaycanın sədrliyi illərində bizi maraqlı
günlər gözləyir. Siz iki mühüm tədbiri qeyd etdiniz. 2024-cü ildə
Xarici İşlər Nazirləri Şurasının keçiriləcəyini gözləyirik. İlkin
təsəvvür və razılaşmamız olduğundan, Azərbaycan hökuməti qlobal
ictimaiyyətin ekoloji gündəminin müzakirəsi üçün bütün dünyanın
Bakıya axın edəcəyi qlobal COP tədbirini (COP29) bu il AQEM
çərçivəsində əsas tədbir olan Xarici İşlər Nazirləri Şurası ilə
birləşdirərək, sinerji yaratmaq istəyir. Zənnimcə, bu yanaşma çox
uyğundur və AQEM-in mahiyyətini əks etdirir”, – o deyib.
Azərbaycanın sədrliyi dövründə prioritetlərdən danışan Kayrat
Sarıbay prioritetlərin bu ilin payızında AQEM Xarici İşlər
Nazirləri Şurasının payızda Bakıda keçiriləcək iclasında təqdim
olunacağını deyib.
“Lakin artıq ehtimal edə bilirəm ki, bəzi mövzular, misal üçün
dayanıqlı qarşılıqlı asılılıq mövzusu təkcə hazırkı sədr olan
Qazaxıstan üçün, Təhlükəsiz nəqliyyat dəhlizlərinin inkişafı üzrə
etimad tədbirlərinin kataloqunun müvafiq istiqaməti üzrə
koordinator olaraq Azərbaycan üçün deyil, bütün AQEM məkanı üçün
aktualdır. Bu səbəbdən bu gün qarşılıqlı əlaqə ilə bağlı bu
çağırışlar göstərir ki, mümkün qədər çox alternativ kommunikasiya
yollarını inkişaf etdirməli, dəmir yolu, avtomobil və hava
yollarından, eləcə də, rəqəmsal və digər kommunikasiyalardan mümkün
qədər çox istifadə etməliyik”, – o deyib.
Xatırladaq ki, AQEM Yüksək Vəzifəli Şəxslər Komitəsinin 14 mart
tarixli iclasında verilmiş tövsiyəyə uyğun olaraq, AQEM Xarici
İşlər Nazirləri Şurasının bu il martın 19-da qəbul etdiyi qərarla
Azərbaycan 2024-2026-cı illər üzrə təşkilatın sədri seçilib.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























