
Bakı. Trend:
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərini 10 noyabr
2020-ci il üçtərəfli bəyanatında yer alan müddətdən daha tez tərk
etməsini şərtləndirən bir neçə amillər var idi.
Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.
O qeyd edib ki, Azərbaycan bütün ərazilərində suverenliyini tam
bərpa edib.
“Ötən ilin sentyabr ayında keçirilən antiterror tədbirləri
nəticəsində Azərbaycan öz ərazisində bütün separatçıları
zərərsizləşdirdi və qanunsuz erməni silahlı dəstələri
ərazilərimizdən tam çıxarıldı. Artıq həmin ərazilərdə təhlükəsizlik
Azərbaycan tərəfindən yüksək səviyyədə təmin edilir.
Eyni zamanda, Azərbaycan Qarabağ ərazisini könüllü tərk etmək
istəyən erməni əhalinin tam təhlükəsiz şəkildə Ermənistana
getməsinə şərait yaratdı. Bu gün həmin ərazilərdə böyük quruculuq
və bərpa işləri aparılır, bütün dövlət qurumlarının fəaliyyəti
bərpa olunub. Azərbaycan bu gün regionda sülhün tərəfdarıdır və
Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış
edib və gün Azərbaycanla Ermənistan arasında sülh danışıqları davam
edir.
Proseslər onu göstərdi ki, Azərbaycan özü təhlükəsizliyi təmin
edir və regionda sülhün bərqərar olması üçün üzərinə düşən bütün
addımları atır. Belə olan halda isə sülhməramlıların fəaliyyətinə
gərək qalmır”, – deyə o qeyd edib.
Deputat vurğulayıb ki, Rusiya sülhməramlılarının Azərbaycan
ərazilərini tərk etməsi, eyni zamanda, Azərbaycanla Rusiya arasında
qarşılıqlı etimadın, hörmətin və ikitərəfli münasibətlərin yüksək
səviyyədə olduğunun göstəricisidir.





























