Advertisement

ABŞ və Qərb dairələri Cənubi Qafqazda sülh olmasında maraqlı deyil – ŞƏRH

Bakı. Trend:

İkinci Qarabağ müharibəsinin başlanması və qısa zaman kəsiyində
başa çatdırılması düşünülmüş hərbi strategiyanın tərkib hissəsi
idi. Dövlət başçımız baş verə biləcək bütün riskləri hesablamışdı
və müharibəni hansı mərhələdə dayandırmaq lazım olduğunu qabaqcadan
bilirdi. Ona görə də müharibə zamanı Ali Baş Komandan İlham Əliyev
Şuşasız işimizin yarımçıq olacağını dəflərlə bəyan edirdi. Şuşanın
azad edilməsindən sonra müharibənin dayandırılmasının əsas məqsədi
itkilərin çoxalmasına yol verməmək, ərazilərimizi dinc yolla azad
etməklə 2025-ci ilə qədər bütün ərazilərimizdə suverenliyi bərpa
etmək idi.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər
Badamov
deyib.

O qeyd edib ki, ona görə də 10 noyabr 2020-ci ildə dövlət
başçılarının imzaları ilə üçtərəfli bəyanat imzalanaraq,
müharibənin başa çatdırılmasına qərar verildi:

“İmzalanmış bu sənəd Azərbaycanın diktəsi ilə ərsəyə gəlmişdi və
bütün tələblərimiz burada öz əksini tapmışdı. Bəyannamədə görülməli
dəqiq məsələlər qeyd olunmuş, o cümlədən, Rusiya sülhməramlıların
yerləşdirilməsi ilə bağlı da müddətlər əks olunmuşdu. Amma
bəyanatın müddəalarına Ermənistanın əməll etməməsi prosesləri
sürətləndirdi və Azərbaycan 20 sentyabr 2023-cü ildə keçirilmiş
lokal xarakterli antiterror tədbirləri ilə bütün ərazilərində
suverenliyi bərpa etdi. Suverenliyimizin bərpası ərazilərimizdə
yerləşdirilmiş sülhməramlıların funksiyasının da sona çatmasına
gətirib çıxardı. Amma buna baxmayaraq, Rusiya sülhməramlıları
bəyannaməyə görə 2025-ci ilin sonuna qədər qala bilərdi.

Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında Azərbaycanın
öz ərazilərində suverenliyi bərpa etməsindən sonra sülhməramlıların
Qarabağda qalması məsələsinin Ermənistana artıq heç bir
aidiyyətinin olmadığını və bu məsələnin ancaq Prezident İlham
Əliyevlə müzakirə edilməli olduğunu bəyan etmişdi. Bu, həm də
Ermənistana Qarabağla bağlı məsələnin artıq həll olunduğunun bəyan
edilməsi idi.

20 sentyabr 2023-cü ildən Rusiya sülhməramnlıları fəaliyyətsiz
bir kontengentə çevrilmişdi. Hətta ağzında dili dinc dayanmayanlar
Rusiya hərbçilərinin ərazilərimizi tərk etməyəcəklərini və
həmişəlik baza yaradaraq qalacaqları ilə bağlı məntiqsiz və absurd
fikirlər də səsləndirirdilər. Amma Prezident İlham Əliyev nəyi nə
vaxt və necə etmək lazım olduğunu hamıdan yaxşı bilir. Ona görə də
məqamı çatana qədər bu mövzu ətrafında müzakirələr aparılmadı və
məsələyə soyuqqanlılıqla yanaşdı. Bir neçə gün əvvəl isə dövlət
rəhbərləri ali səviyyədə sülhməramlıların Azərbaycan ərazilərindən
çıxarılması ilə bağlı qərar qəbul etdi. Artıq prosesə başlanılıb və
sülhməramlılar hissə-hissə özlərinin daimi dislokasiya yerlərinə
qayıdırlar.

Sülhməramlıların ərazilərimizdən çıxarılmasının
Rusiya-Azərbaycan münasibətlərinə heç bir mənfi təsiri olmayacaq.
Bu proses, əksinə, ölkələrimiz arasında münasibətləri daha da
möhkəmləndirəcək. Yəni sülhməramlıların vaxtından əvvəl
ərazilərimizi tərk etməsinin ərazilərimizin bütövlüyünə Rusiyanın
hörmətlə yanaşdığının göstəricisi olduğunu hesab edirəm.

22 fevral 2022-ci ildə dövlət başçılarımız arasında keçirilmiş
görüşdə müttəfiqlik haqqında bəyannamə imzalanıb. Bu sənədin
imzalanmasından sonra keçən dövrdə dövlətlərimiz arasında
münasibətlər yeni bir mərhələyə qədəm qoyub. Belə ki, ölkələrimiz
arasında münasibətlər suveren hüquqlarımıza qarşılıqlı hörmət
əsasında qurularaq, geniş spektrdə inkişaf edir. Hərbçilərin
ərazilərimizdən çıxması hərbi məsələlərin başa çatması, iqtisadi və
humanitar sahədə əməkdaşlığın dərinləşdirilməsinə təkan verəcəyi
deməkdir. Bu baxımdan, Rusiya-Azərbaycan münasibətləri bundan sonra
da inkişaf edərək, xalqlarımızın daha da yaxınlaşmasına və dostluq
münasibətlərin möhkəmlənməsinə xidmət edəcək”, – deyə A.Badamov
bildirib.

Prezident yanında Dövlət İdarəçilik Akademiyasında müşavir, Bakı
Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə
Trend-ə deyib ki, Rusiya sülhməramlıları bölgəni tərk edir:

“Lakin bu, o demək deyil ki, problem yoxdur. Görünən odur ki,
ABŞ-nin müəyyən siyasi institutları, Qərbin ayrı-ayrı mərkəzləri
narahat oldular ki, rusiyalı sülhməramlıların gedişi ilə erməni
məsələsi qapandı. Çünki onlar Qarabağ ermənilərinin qayıtması ilə
bağlı beynəlxalq təşkilatlarda məsələlər qaldırırdı. Hətta hansısa
mənada Azərbaycanı ittiham edirdilər ki, guya Azərbaycan Qarabağ
ermənilərini o ərazilərdən zorla çıxarıb. İndi bu səbəbə görə
rusiyalı sülhməramlıların Qarabağı tərk etməsi onları məyus
edir.

ABŞ Qarabağ məsələsini bağlanmasını istəmir. O ki qaldı Qarabağ
ermənilərinə, onların qayıdışı üçün sülhməramlılara ehtiyac yoxdur.
Azərbaycanda necə ki ayrı-ayrı etnik qruplar yaşayır, Qarabağ
erməniləri də Azərbaycan vətəndaşlığını qəbul edib, Qarabağa
gəlsələr, onlar üçün heç bir təhlükə olmayacaq. Əgər doğrudan da,
ABŞ və Qərbin ayrı-ayrı qrupları Azərbaycan-Ermənistan arasında
sülh mühiti olmasını istəyirlərsə, gəlsinlər, kömək etsinlər. Bakı
və İrəvan arasında sülhə mane olmasınlar.

Azərbaycan tərəfi bu kimi əməli addımlar gözləyir. Hər kəs
əməldə kimin yanında yer aldığını göstərməlidir. Ya sülhün
tərəfdarı, ya da vəziyyəti gərginləşdirməyin tərəfdarı olmalarını
qeyd etməlidir. Nə qədər ki Azərbaycanın ədalətli mövqeyi
dəstəklənməyəcək, Azərbaycan xarici siyasətində manevrlər etməyə
davam edəcək”, – deyə Z.Məmmədov əlavə edib.