
Bu gün Azərbaycan və Ermənistan arasındakı şərti
dövlət sərhəddində Azərbaycanın baş nazirinin müavini Şahin
Mustafayevin və Ermənistanın baş nazirinin müavini Mqer Qriqoryanın
sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin
delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbaycan
arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə komissiyanın səkkizinci görüşü
keçirilib.
Görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa
gəliblər:
1. Delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (Ermənistan) –
Bağanıs Ayrım (Azərbaycan), Voskepar (Ermənistan) – Aşağı Əskipara
(Azərbaycan), Kirants (Ermənistan) – Xeyrımlı (Azərbaycan) və
Berkaber (Ermənistan) – Qızılhacılı (Azərbaycan) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
2. Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri
koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq
dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, tərəflər
arasında 15 may 2024-cü il müddətinədək müvafiq protokol-təsvirlə
sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.
3. Razılaşdırılıb ki, tərəflər sərhəd xəttinin razılaşdırılmış
hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel
yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə
müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya
prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd
xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.
4. Paralel olaraq, Azərbaycan ilə Ermənistan arasında dövlət
sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan
ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd
təhlükəsizliyi üzrə Komissiyanın birgə fəaliyyəti haqqında əsasnamə
layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il
müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar
prosesinə və müvafiq qaydada tərəflərin dövlətlərinin
qanunvericiliyinin tələblərinə uyğun olaraq əsasnamənin təsdiqinə
başlamaq barədə razılığa gəlinib.
5. Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində
1991-ci il Alma-Ata bəyannaməsinə əsaslanacaqlar. Tərəflər,
həmçinin həmin baza prinsipini əsasnamə layihəsində təsbit etmək
barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan ilə Ermənistan
arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında
sazişdə başqa cür qərara gəlinərsə, o zaman əsasnamənin müvafiq
bəndi bu sazişlə müəyyənləşdirilmiş prinsiplərə
uyğunlaşdırılacaq).
6. Tərəflər əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi
razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən
anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam
etdirmək barədə razılığa gəliblər.
Görüşün nəticəsində protokol imzalanıb. Növbəti görüşün
keçirilməsi tarixinin və yerinin işçi qaydada razılaşdırılması
qərara alınıb.
… Görüşün nəticələrinin ən mühüm detalı işğal altında olan 4
qeyri-anklav kəndin bir güllə belə atılmadan, qan tökülmədən
Azərbaycana qaytarılmasıdır. Bu da şübhəsiz ki, Azərbaycanın və
şəxsən Prezident İlham Əliyevin siyasi iradəsinə əsaslanan növbəti
böyük qələbədir.
Bu günün önəmli nüanslarından biri də Azərbaycana qarşı irəli
sürülən və aylardan bəri gündəmdə saxlanan əsas məqamlar arasında
yer alan ittihamın puç olması idi. Fransa və onun təlimatlarını
yerinə yetirən İrəvan isteblişmenti Azərbaycanı “müharibəyə
hazırlaşmaq”da, hələ də erməni işğalında olan kəndlərimizi hərbi
yolla azad etmək planlarını hazırlamaqda suçlayırdı.
Lakin Azərğaycanla Ermənistan arasında şərti dövlət sərhədininin
demarkasiya və delimitasiya prosesinə başlamazdan əvvəl Qazax
rayonunn 4 kəndinin məhz dinc danışıqlar vasitəsilə, razılaşma yolu
ilə qaytarılması, daha doğrusu, azad edilməsi ilə bağlı anlaşmanın
əldə edilməsi Fransa prezidenti Emmanuel Makronun mantra kimi
təkrarladığı “aqressiv Azərbaycan” ifadəsinin nə qədər yanlış,
əsassız və isterik olduğunu göstərdi.
Daha doğrusu, Fransanın bu verbal geosiyasi konstruksiyası və
ittiham modulyasiyası darmadağın oldu.
Eyni zamanda, aprelin 5-də Brüsseldə ABŞ-ın dövlət katibi Entoni
Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və
Ermənistanın baş naziri Nikol Paşinyan arasında aparılmış məxfi
müzakirələrdə əldə edilmiş razılaşmalar çərçivəsində Vaşinqtonla
Brüsselin proseslərə kobud müdaxiləsinə də imkan verilmədi.
Göründüyü kimi, Bakının strategiyası özünü tam doğrultdu və
Azərbaycanla Ermənistan arasında aparılan birbaşa, vasitəçilər
olmadan reallaşdırılan danışıqlar artıq ilkin nəticələrini
verməkdədir.
Bakı aşkar şəkildə nümayiş etdirdi ki, Ermənistan vasitəsilə
Cənubi Qafqazdakı proseslərə müdaxilə edərək neomüstəmləkəçi,
neoimperialist maraqlarını gerçəkləşdirməyə çalışan dövlətlərlə
qüvvələrin istəkləri regionda sülhlə stabilliyin bərqərar olmasına
töhfə vermək yox, maneələr yaratmaq, yeni risklərlə çağırışlar
formalaşadırmaqdır.
30 ildən bəri erməni işğalında olan dörd kəndimizin azad
edilməsi, Vətənə qaytarılması Azərbaycanın dövlət başçısı İlham
Əliyevin daha bir qələbəsi, növbəti zəfəridir.
Zəfər spontan hadisə yox, 2020-ci ildəki İkinci Qarabağ
Müharibəsindən sonra Ali Baş Komandanın yürütdüyü siyasətin,
reallaşdırdığı diplomatik kursun və fəaliyyətinin bariz
nümunəsidir.





























