Advertisement

Dörd kəndin qaytarılması ilə sülh prosesi real fazaya keçdi – ŞƏRH

Bakı. Trend:

Aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası
və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci
görüşü keçirilib. Görüşdə delimitasiya prosesinin ilkin
mərhələsində tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet
İttifaqı çərçivəsində onun süqutu dövründə mövcud olduğu hüquqi
cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq
Bağanis (ER) – Bağanıs Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara
(AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı
(AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini
razılaşdırıblar.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı
Sevinc Hüseynova bildirib ki, bir güllə atılmadan,
qan tökülmədən Qazax rayonunun işğal altında olan dörd kəndi geri
qaytarıldı.

“Bu, Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan xalqına
növbəti hədiyyəsidir. Təbii ki, bu onu göstərir ki, delimitasiya
prosesinin ilk addımı atıldı və məhz Qazax istiqamətindən bu məsələ
başlayıb. Azərbaycan delimitasiya prosesinin bu istiqamətdə
başlamasına israr edirdi. Prezident İlham Əliyev hələ 2020-ci ildə
sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırmışdı.
Bu istiqamətdə daim intensiv iş aparılırdı və bu gün bu prosesin
məntiqi sonluğunun şahidi olduq.

Ölkə Prezidenti hələ 2020-ci ildə Vətən müharibəsində əldə
olunan zəfərdən sonra üç rayonun bir güllə atılmadan Azərbaycana
qaytarılmasını təmin etmişdi. Bu, onu göstərir ki, Prezident İlham
Əliyev məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verir.
2023-cü ilin sentyabr ayında Azərbaycanın Qarabağda suverenliyinin
yekun bərpası, Rusiya sülhməramlı kontingentinin Azərbaycan
ərazilərini tərk etməsi və indi də 4 kəndin qan tökülmədən geri
qaytarılması qeyd edəcəyimiz qələbələr silsiləsindən növbəti
qələbədir. Bu gözəl xəbər prezidentimizin Azərbayca xalqına növbəti
hədiyyəsidir”, – deyə deputat bildirib.

O qeyd edib ki, Fransa və bir sıra digər Qərb ölkələrindən
Azərbaycanın guya Ermənistana hücum planlaşdırdığı, Ermənistan
ərazisində hərbi məqsədlərin olduğu və s. əsassız iddiaları havaya
uçdu.

“İndi hamıya aydındır ki, bu, ölkəmizə qarşı növbəti çirkin oyun
və saxta təbliğat kampaniyası idi. Bu gün belə bir razılaşmanın
əldə edilməsi, həmçinin, onu göstərir ki, Aİ və ABŞ, eləcə də, bir
sıra Qərb dövlətləri bu prosesə müdaxilə etməyə çalışsalar da,
Prezident İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan
buna mane oldu.

Azərbaycan və Ermənistan ortaq dil tapa bildilər. Bu, onu
göstərir ki, onlar bundan sonra da bu məsələləri özləri həll edə
bilərlər. Ona görə də Aİ və ABŞ, eləcə də, bir sıra Qərb
dövlətlərinin bu proseslərdən uzaq durmaları Cənubi Qafqazda daha
tez sülhün və firavanlığın təmin edilməsinə imkan yarada bilər”, –
deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Elşən Musayev isə
Trend-ə açıqlamasında
bildirib ki, 19 aprel də Azərbaycan tarixinə qızıl hərflərlə
yazıldı.

“Qazax rayonunun anklav olmayan 4 kəndi Azərbaycana qaytarıldı.
Üstəlik, bir güllə belə atılmadan. Bu isə ona dəlalət edir ki,
artıq sülh prosesi ilə bağlı gedişat real fazaya keçdi,
delimitasiya istiqamətində ciddi addımlar atıldı, iki ölkə
arasındakı münasibətlərin normallaşması, bölgədəki sabitliyin
təminatı üçün yeni, münbit zəmin yarandı.

Təbii ki, bütün bu hadisələr cənab Prezident İlham Əliyevin
müdrik siyasətinin nəticəsidir. Məhz onun sayəsində biz hazırkı
günlərə gəlib çıxdıq, Azərbaycanın çox böyük masştablı qələbələrini
gördük və görməyə də davam edirik”, – deyə deputat bildirib.

O qeyd edib ki, proseslər, heç şübhəsiz, bundan sonra da
Azərbaycan dövlətinin maraqlarının təmin olunması istiqamətində
davam edəcək.

“Eyni zamanda, baş verən hadisələr həm də onun göstəricisidir
ki, kənar qüvvələrin, əsasən də Qərb qüvvələrinin, Fransa kimi
təxribatçı dövlətlərin müdaxiləsi olmayan yerdə işlər daha rahat,
daha sürətli gedir. Çünki onlar uzun müddət yanlış təbliğat
aparmaqla, suyu bulandırmaqla, aranı qızışdırmaqla sülhün bərqərar
olmasını çətinləşdiriblər.

Qazax rayonunun 4 qeyri-anklav kəndinin geri qaytarılması isə
onu sübut etdi ki, Azərbaycan və Ermənistan öz arasında kimsənin
müdaxiləsi və vasitəçiliyi olmadan bir çox məsələləri həll edə,
sülhə doğru bərabər addımlar ata bilər”, – deyə deputat əlavə
edib.