
Bakı. Trend:
Bir güllə də atılmadan, qan tökülmədən əvvəllər Ermənistanın
işğalı altında olan Qazax rayonunun anklav olmayan kəndlərinin
Azərbaycanın nəzarətinə qaytarılması təmin edildi. Prezident İlham
Əliyev 2020-ci ildə sərhədyanı kəndlərimizin geri qaytarılması
məsələsini qaldırdı və bu istiqamətdə daim intensiv iş aparıldı. Bu
gün biz bu prosesin məntiqi sonunu görürük.
Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar
İskəndərov və siyasi şərhçi Elçin
Mirzəbəyli Trend-ə açıqlama verib.
V.İskəndərov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan növbəti tarixi uğura imza atdı.
“Necə ki, 2020-ci ildə bir güllə belə atılmadan Ağdam, Kəlbəcər
və Laçın rayonları işğaldan azad edilmişdi, eləcə də, əvvəllər
Ermənistanın işğalı altında olan Qazax rayonunun anklav olmayan
kəndlərinin Azərbaycanın nəzarətinə qaytarılması təmin edildi”, –
deyə deputat bildirib.
Onun sözlərinə görə, bu, eyni zamanda, Prezident İlham Əliyevin
qətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzminin növbəti
ifadəsidir.
“Bəlli olduğu kimi, Prezident İlham Əliyev 2020-ci ildə
sərhədyanı kəndlərimizin geri qaytarılması məsələsini qaldırdı və
bu istiqamətdə daim intensiv iş aparıldı. Bu gün qətiyyət və
əzmkarlıqla aparılan işin, bəhs edilən prosesin məntiqi sonunu
görürük. Bununla da istər Ermənistan, istər onun xarici
havadarları, istərsə də ümumilikdə dünya birliyi Prezident İlham
Əliyevin qətiyyətinin, qarşıya qoyulan hədəflərə çatmaq əzminin
növbəti bariz nümunəsinin şahidi oldu”, – deyə o qeyd edib.
V.İskəndərovun sözlərinə görə, delimitasiya prosesində ilk
addımın məhz Qazax istiqamətindən başlaması da Azərbaycanın
israrının, qətiyyətinin nəticəsidir.
“Bu, həm də Cənubi Qafqazı yeni müharibə ocağına çevirmək
istəyən Qərbin bəlli dairələrinin, o cümlədən, Aİ və ABŞ-nin
prosesə müdaxilə cəhdinin iflasa uğramasıdır. Onlar prosesə
müdaxilə etməyə çalışsalar da, Azərbaycanın qətiyyəti öz sözünü
dedi. Nəticədə də Azərbaycan və Ermənistan ortaq dil tapa bildilər
və bu məsələni özləri həll edə bildilər. Bu, eyni zamanda, bir
həqiqəti də növbəti dəfə təsdiq etdi – Qərb imperialistləri
Azərbaycan-Ermənistan prosesindən nə qədər uzaq olsalar, Cənubi
Qafqazda bir o qədər tez sülh və firavanlıq hökm sürəcək”, – deyə o
əlavə edib.
E.Mirzəbəyli isə bildirib ki, Ermənistanın işğalı altında olan
Qazax rayonunun anklav olmayan kəndlərinin Azərbaycanın nəzarətinə
qaytarılması uzun illərdən bəri həyata keçirilən, 44 günlük
müharibənin ilk günündən başlayaraq, özünü istər döyüş meydanında,
istərsə də diplomatik arenada büruzə verən, Ordumuzun Zəfəri, ərazi
bütövlüyümüzün, suverenliyimizin təmin olunması ilə nəticələnən
ardıcıl, sistemli, milli iradəni ifadə edən siyasətin növbəti
qələbəsidir.
“Artıq delimitasiya prosesində ilk mühüm addım atılıb,
Azərbaycanla Ermənistan arasında Cənubi Qafqaza müdaxilə üçün zəmin
hazırlamağa çalışan üçüncü qüvvələrin müdaxiləsinə imkan verilmədən
nəticəyönümlü razılaşma əldə olunub. Bu isə rəsmi Bakının
Azərbaycanla Ermənsitan arasındakı bütün məsələlərin kənar
qüvvələrin müdaxiləsinə yol verilmədən həll olunması ilə bağlı
prinsipial mövqeyinin üstün gəlməsi, qəbul edilməsi və reallığa
çevrilməsidir.
İstər 2023-cü ilin sonlarında Azərbaycanla Ermənistan arasında
birbaşa təmaslar yolu ilə əldə olunan razılaşmalar, istərsə də
Qazax rayonunun anklav olmayan kəndlərinin işğalına son qoyulması
ilə başlayan delimitasiya prosesi ölkəmizin Cənubi Qafqazda davamlı
sülhə nail olunması ilə bağlı baxış bucağının nə qədər doğru və
alternativsiz olduğunu sübuta yetirir.
Məlum olduğu kimi, Azərbaycan delimitasiya prosesinin məhz Qazax
rayonu istiqamətindən, həm də kənar qüvvələrin iştirakı olmadan,
yalnız iki ölkənin səlahiyyətli təmsilçilərinin iştirakı ilə
başlanılmasında israr edirdi, amma Avropa İttifaqı, ABŞ və bir sıra
digər Qərb dövlətləri bu proses ətrafında gərginlik və süni ajiotaj
yaratmağa, Azərbaycanın guya müharibəyə hazırlaşdığını,
Ermənistanın isə müdafiəyə ehtiyacı olduğunu beynəlxalq gündəmə
daşımağa çalışırdılar.
Məqsəd isə bu təhrikçi davranışlarla Ermənistanın
silahlandırılmasına zəmin yaratmaq, bu ölkədəki revanşçı meyilləri
stimullaşdırmaq, bölgəni uzunmüddətli qarşıdurmalara sürükləməklə
Qərbi və Mərkəzi Asiyanın bu mühüm geostrateji önəm daşıyan
regionu, xüsusilə də həyati əhəmiyyət kəsb edən kommunikasiyalar
üzərində nəzarəti ələ almaqdan ibarət idi.
Lakin Azərbaycan özünün obyektiv, bölgə xalqlarının və
dövlətlərinin maraqlarını, regionun təhlükəsiz inkişaf
perspektivini ifadə edən prinsipial mövqeyi ilə bu prosesin
qarşısını məharətlə ala bildi. Nəticədə, Azərbaycan və Ermənistan
ortaq dil tapa, birbaşa təmaslar yolu ilə nəticə əldə edə bildilər.
Bu nəticə isə ilk növbədə Azərbaycanın, aparılan bütün total
kampaniyalara baxmayaraq, sülh prosesinin avanqard qüvvəsi
olduğunu, regionda davamlı əmin-amanlığı təşviq etdiyini bir daha
sübuta yetirdi. Beləliklə, növbəti dəfə bir güllə belə atılmadan
ədalət bərqərar olundu, delimitasiya prosesinin sürətlə irəliyə
doğru aparılması üçün işgüzar və etimadlı mühitin formalaşmasına
doğru ciddi bir addım atıldı.
Qeyd edim ki, bu amil həm də Qərb imperializminin total
informasiya təxribatları, intensiv siyasi manipulyasiyalarla bu
günə qədər həyata keçirməyə cəhd göstərdiyi və təəssüf ki, dünyanın
bir sıra bölgələrində nail olduğu “parçala, hökm sür” siyasətinin
önəmli həlqəsinin qırılması anlamında da qəbul oluna bilər.
Proses sübuta yetirdi ki, imperializmin qanlı iştahının
qarşısının alınmasının yolu region ölkələrinin bölgənin təhlükəsiz
gələcəyi naminə işbirliyindən keçir. Azərbaycanın, bu günə qədər
region ölkələrinin iştirakı ilə, kənar müdaxilələr olmadan
gerçəkləşməsinə nail olduğu ikitərəfli, üçtərəfli əməkdaşlıq
formatlarının doğurduğu nəticələr də Prezident İlham Əliyevin
regional əməkdaşlıq formatları ilə bağlı strategiyasının
doğruluğunu, xalqların təhlükəsiz, firavan gələcəyinə xidmət
etdiyini sübuta yetirir.
Bu xüsusda, Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya
olunduqları Azərbaycan ərazilərindən 10 noyabr 2020-ci il üçtərəfli
bəyanatında yer alan tarixdən xeyli öncə tərk etmələrinə də diqqət
çəkməyin zəruri olduğunu düşünürəm. Bu nəticə də, istisnasız
olaraq, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin edən
strateji zəkanın, milli iradəni ifadə edən qətiyyətli xarakterin
növbəti qələbəsi və Azərbaycan xalqına, şərəfli tariximizə,
gələcəyimizə hədiyyəsidir”, – deyə o əlavə edib.





























