Advertisement

Zakir Həsənov Quru Qoşunlarının rəhbər heyətini topladı (VİDEO)

Bakı. Trend:

Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri
general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə
keçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların
komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının
idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak
ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.

Trend xəbər verir ki, müdafiə naziri Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham
Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə
iştirakçılarına çatdırıb.

Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud
əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər
və hərbi intizamın vəziyyəti təhlil edilib.
Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin
təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş
tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması
barədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi
aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən
şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi
diqqət yetirilməsinin vacibliyi çatdırılıb.

General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə
Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası
prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin
edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə
zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında
konkret tapşırıqlar qoyub.

Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti
yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı
kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının
daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq
göstərişlər verib.

Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə
yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd
olunub.