Advertisement

Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti təhlil edildi

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, bu gün Quru Qoşunlarının qərargahında
müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə
xidməti müşavirə keçirilib.

Trend xəbər verir ki, müşavirədə Azərbaycan-Ermənistan şərti
sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş
hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil
edilib.

Müdafiə naziri hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin
təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş
tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması
barədə müvafiq göstərişlər verib.

Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi
aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən
şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi
diqqət yetirilməsinin vacibliyi çatdırılıb.