
Bakı. Trend:
Ermənistanın baş naziri Nikol Paşinyan rusiyalı sərhədçilərin
Tavuşdakı postları tərk edəcəyini bildirib.
Trend erməni
KİV-ə istinadən xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə
deyib.
“Vəziyyət əhəmiyyətli dərəcədə dəyişib. Bu, bütün istiqamətlərdə
əksini tapmalıdır. Bu, o deməkdir ki, bizdə cəbhə xətti deyil,
sərhəd var. Sərhəd isə sülh rəmzidir. Bu isə o deməkdir ki,
Ermənistan və Azərbaycan sərhədçiləri bir-biri ilə qarşılıqlı
fəaliyyət göstərərək, sərhədin mühafizəsini təmin edə biləcəklər”,
-o deyib.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.
Xatırladaq ki, bu yaxında sosial şəbəkələrdə Rusiya sülhməramlı
kontingentinə məxsus hərbi texnikaların Azərbaycandan çıxması
prosesini əks etdirən kadrlar yayılıb. Bir qədər sonra Rusiya
prezidentinin sözçüsü Dmitri Peskov Rusiya sülhməramlı
kontingentinin Qarabağdan çıxarılmasını təsdiqləyib.
Əlavə edək ki, rus sülhməramlılar 10 apreldə Kəlbəcərdə yerləşən
Xudavəng monastır kompleksini tərk edib. Hazırda Xudavəng
monastrını Azərbaycan polisi mühafizə edir.





























