
Bakı. Trend:
Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir
nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi
bu böyük həqiqətin növbəti təsdiqidir.
Trend xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvvələr
Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov
bildirib.
Polkovnik qeyd edib ki, sözügedən kəndlərin azad edilməsi
Azərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızın
bərpası istiqamətində atılan mühüm tarixi addımdır:
“Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı
kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad
edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi
qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində
atılan mühüm addımlardan biridir.
Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur
bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi
torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan
hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə
heyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixi
qələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zaman
dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısından
belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq.
Onu da qeyd edim ki, bir neçə gün bundan öncə Azərbaycandakı
Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı Bakı ilə
Moskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevin
siyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı,
Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin,
səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut
etdi. Bu razılaşma bir daha sübut etdi ki, Azərbaycanla Rusiya
arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə
arasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam
əlaqələr mövcuddur”.
Cəlil Xəlilov qeyd edib ki, Qazaxın 4 kəndinin geri
qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir
reallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalq
güclərin aktivliyi şəraitində əldə edilməsidir:
“Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sıra
beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən
gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirli
addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu
gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident
İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə bir
ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad
etdi. O, bununla bir daha sübut etdi ki, regionda əsas söz sahibi
Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan
dövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu
hədəflərə nail olacaqdır.
Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrik
edir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öz
təşəkkürümü bildirirəm!”.





























