
Bakı. Trend:
Türkiyə Xarici işlər Nazirliyi Azərbaycan-Ermənistan sərhədinin
delimitasiyası Komissiyasının əldə etdiyi razılaşmaya dair bəyanat
yayıb.
Trend xəbər verir ki, bəyanatda sözügedən razılaşma
alqışlanıb.
“Biz Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası
Komissiyasının 2024-cü il aprelin 19-da keçirilən iclasında 30
ildir işğal altında olan 4 kəndin Azərbaycana qaytarılması və
delimitasiya işlərinin davam etdirilməsi ilə bağlı əldə olunan
razılığı alqışlayırıq.
Birbaşa danışıqlar yolu ilə əldə edilən bu müsbət inkişaf yekun
sülh sazişinin imzalanması istiqamətində mühüm addımdır”, – qurumun
bəyanatında deyilir.
Qeyd edək ki, aprelin 19-da Azərbaycan və Ermənistan arasında
sərhəddə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası
arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası
və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında
dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi
məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib. Görüş
zamanı Qazaxın Ermənistan tərəfindən işğal olunan 4 kəndinin
Azərbaycana qaytarılması barədə razılıq əldə edilib.





























