
Bakı. Trend:
Prezident İlham Əliyevin 20 illik hakimiyyəti bizə müasir
tələblərə cavab verən müzəffər ordunu, ərazi bütövlüyümüzün
bərpasını, müzəffər xalq və qalib dövlət kimi yaşamağı, zədələnmiş
milli qürurumuzun bərpasını, Azərbaycan gəncliyində özünə, öz
gücünə, istedadına inamı, təkamül yolu ilə inkişaf edən demokratik
ənənələri, milli iqtisadiyyatın diversifikasiyasını, güclü
iqtisadiyyatı, müstəqil xarici siyasəti olan Azərbaycanı, enerji
diplomatiyasında regional və qlobal əhəmiyyətli aktor olmağı,
regionların sosial-iqtisadi inkişafını, dövlət-xalq və hakimiyyətin
siyasi münasibətlər fonunda həmrəyliyini və şanlı qələbəni
qazandırdı.
Bunu Trend-ə Milli Məclisin Təbii ehtiyatlar, energetika və
ekologiya komitəsinin sədri Sadiq Qurbanov deyib.
O qeyd edib ki, 44 günlük İkinci Qarabağ müharibəsindəki qələbə
Azərbaycan tarixinin döyüş meydanında yazılan şanlı səhifəsi
olmaqla dövlətimizi, xalqımızı böyütdü, dünyaya daha yaxından
tanıtdı.
“İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda müharibə 44
gün davam etdi, ermənipərəst dövlətlərin və bəzi beynəlxalq
təşkilatların Azərbaycana göstərdikləri çox ciddi təzyiqlərə və
təhdidlərə baxmayaraq, Ali Baş Komandan İlham Əliyevin və müzəffər
ordumuzun cəsarəti, qətiyyəti və əzmkarlığı sayəsində ölkəmizin
ərazi bütövlüyü bərpa edildi.
Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra yaxın
keçmişimizin bir çox tarixi sınaq anlarında mütəşəkkil birlik və
həmrəylik nümayiş etdirərək, bütün sahələrdə böyük inkişafa və
uğurlara nail olub. Son 20 ildə isə Ulu Öndərin ən layiqli
davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın
qazandığı uğurlar, nəhayət, Ulu öndər Heydər Əliyevin ən böyük
arzusunu da gerçəkləşdirmək imkanı yaratdı.
Xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Qarabağı düşməndən azad etdi. 30 ildən sonra müstəqil
Azərbaycan dövlətinin ərazi bütövlüyü təmin olundu. Qarabağın tacı
sayılan Şuşanın işğaldan azad olunduğunu noyabrın 8-də ölkənin Ali
Baş Komandanı İlham Əliyev təntənəli surətdə bəyan etdi: “Mən
xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad
etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır
bu gün! Gözün aydın olsun, Azərbaycan! Gözünüz aydın olsun, dünya
azərbaycanlıları!”
Bəli, İkinci Qarabağ müharibəsinin zəfərlə başa çatdırılmasına
görə həm də Ulu Öndər Heydər Əliyevə, onun uzaqgörən siyasət
kursuna borcluyuq, onun ruhuna minnətdarıq”, – deyə S.Qurbanov
əlavə edib.





























