
Bakı. Trend:
Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili, ölkənin
NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri
Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA)
Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya
etməməsini qeyri-obyektiv və qeyri-konstruktiv adlandırıb.
Trend xəbər
verir ki, Çavuşoğlu bu barədə özünün “X” sosial hesabında
yazıb.
AŞPA-nın sözügedən qərarı bağlı dərin təəssüf hiss keçirdiyini
deyən millət vəkili keçmişdəki bənzər qərarlarla müqayisə etdikdə
bunun Azərbaycana qarşı açıq-aşkar uyğunsuz, balanslaşdırılmamış,
qeyri-obyektiv və qeyri-konstruktiv qərar olduğunu bildirib.
“Bu, Avropa xalqlarının bərabər və demokratik təmsilçilik
hüquqlarına və AŞPA-nın nüfuzuna həqiqətən ağır zərbədir. Avropa
Şurasının təməl prinsiplərində qeyd olunan əməkdaşlıq və dialoqu
önəmsəməyən və regionda sülhə və sabitliyə xidmət etməyən bu
qərarın ləğv olunacağına ümid edirəm. AŞPA bu səhvi tez bir zamanda
düzəltməlidir”, – deyə o bildirib.
Xatırladaq ki, yanvarın 24-də Avropa Şurası Parlament
Assambleyası (AŞPA) Azərbaycan Respublikasının nümayəndə heyətinin
etimadnaməsini ratifikasiya etməyib.
AŞPA-da mövcud olan dözülməz irqçilik, Azərbaycanofobiya və
İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə
əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə
dayandırmaq qərarına gəlib.





























