Bakı. Trend:
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə Ermənistan tərəfindən işğal olunmuş Qazax rayonunun
4 kəndini bir güllə belə atmadan geri qaytarmağa nail oldu. Dövlət
başçısının 2020-ci ildə başlatdığı proses və bununla əlaqədar
görülən intensiv işlər, göründüyü kimi, öz məntiqi sonluğunu
tapıb.

Bu barədə Trend-ə Qazaxıstanın “Tətbiqi Etnosiyasi Araşdırmalar
İnstitutu”nun direktoru Talgat Kaliyev deyib.
Regionda yeni təhlükəsizlik konfiqurasiyasını şərh edən
qazaxıstanlı politoloq qeyd edib ki, bir sıra sazişlərin
imzalanması ilə başa çatan Azərbaycan-Ermənistan danışıqlarının
növbəti raundunu iki ölkə arasında yekun sülh sazişinin imzalanması
istiqamətində müsbət irəliləyiş olaraq qiymətləndirmək
mümkündür.
“Hazırda İrəvan yetərincə siyasi yetkinlik və müdriklik nümayiş
etdirir, belə ki, Cənubi Qafqazda vəziyyətin sabitləşməsi və
Ermənistanın yaxın qonşuları Azərbaycan və Türkiyə ilə
münasibətlərin normallaşdırılması ilk növbədə müsbət iqtisadi
perspektivlər əldə etməyə və ticari qarşılıqlı əlaqələr qurmağa, o
cümlədən, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM)
inkişafından müsbət gəlir əldə etməyə imkan verəcək”, – o
deyib.
Ekspertin sözlərinə görə, İrəvan bu istiqamətdə
irəliləyəcək.
“Üstəlik, hazırda bu prosesə Bakı və İrəvana diplomatik səfərlər
edən və hər iki ölkənin liderləri ilə görüşən prezident
Kasım-Jomart Tokayev səviyyəsində danışıqçı qismində Qazaxıstan da
cəlb olunub”, – deyə politoloq əlavə edib.

Qazaxıstanlı siyasətçi, Beynəlxalq İT Universitetinin Qazaxıstan
Tarixi və Media Kommunikasiyaları kafedrasının professoru Saken
Mukan isə öz növbəsində Trend-ə bildirib ki, tərəflərin razılaşması və
Azərbaycan kəndlərinin qaytarılması onun üçün gözlənilməz
olmayıb.
“Son zamanlarda iki ölkə arasında münasibətlərin
normallaşmasında aktivləşmə kifayət qədər sürətlə baş verir ki, bu
da uzunmüddətli perspektivə malikdir. Rusiya sülhməramlılarının
Azərbaycan ərazisindən çıxarılması, eləcə də, “gərginləşmiş”
Ermənistan-Rusiya münasibətləri bu gün İrəvanın gələcək regional
iqtisadi layihələrinə cəlb olunmaq üçün öz milli maraqlarından
çıxış etməsinə əsas verir”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, Ermənistan hazırda olduğu kimi, kifayət
qədər məsrəfli və büroktatik yolla – Türkmənistan ərazisindən
deyil, Azərbaycan və Qazaxıstan vasitəsilə Çin bazarına çıxmaqla
regional iqtisadi layihələrdən kifayət qədər dividendlər əldə edə
bilər.
Saken Mukan hazırkı mərhələdə sülh sazişinin gələcəyi ilə bağlı
spekulyasiya etmək üçün hələlik tez olduğunu, lakin bu istiqamətdə
müsbət proseslərin müşahidə olunduğunu qeyd edib.
“Hesab edirəm ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev
İrəvana boşuna rəsmi səfər etməyib. Fikrimcə, səfərin məqsədi
sülhün bərqərar olması üçün zəminin yoxlanılması və iki ölkə
arasında razılaşma əldə etməkdən ibarətdir. Qazaxıstan prezidenti,
həmçinin, danışıqlar üçün platforma təklif edib”, – o deyib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.
(Tərcümə: Rəna Əbdürəhmanova)





























