
Bakı. Trend:
Sloveniya Ermənistan və Azərbaycan arasında razılaşmanı
alqışlayır.
Trend xəbər verir ki, bu barədə Sloveniya Xarici İşlər
Nazirliyinin “X” sosial media hesabında qeyd edilib.
“Sloveniya 1991-ci ildə imzalanmış Alma-Ata Bəyannaməsi əsasında
Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası
haqqında razılaşmanı alqışlayır və davamlı sülhə doğru atılan bu
addıma görə hər iki tərəfi təbrik edir”, – deyə bildirilib.
Xatırladaq ki, aprelin 19-da Azərbaycan və Ermənistan sərhədinin
delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə
Komissiyanın səkkizinci görüşü keçirilib. Görüşdə razılığa gəlinib
ki, delimitasiya prosesinin ilkin mərhələsində tərəflər sərhəd
xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun
süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış
respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) – Bağanıs
Ayrım (AR), Voskepar (ER) – Aşağı Əskipara (AR), Kirants (ER) –
Xeyrımlı (AR) və Berkaber (ER) – Qızılhacılı (AR) yaşayış
məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.





























