
Bakı. Trend:
Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı
mövcud reallıqlara uyğundur.
Trend xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov
bildirib.
“Sülhməramlıların çıxarılması Ermənistanın 1991-ci ildəki
Azərbaycanın sərhədlərini tanıdıqdan sonra regionda yaranmış
hazırkı reallıqlara uyğundur. Orada geosiyasi reallıqlar dəyişib və
onlar üçün daha funksiya qalmayıb”, – o qeyd edib.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiya prezidentinin sözçüsü
Dmitri Peskov Rusiya sülhməramlı kontingentinin Qarabağdan
çıxarılmasını təsdiqləyib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət
məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya
sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə
məlumatla əlaqədar bildirib ki, 2020-ci il noyabrın 10-da
imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan Respublikasının
ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası
sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl
çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar
qəbul edilmişdir. Artıq proses başlanılmışdır, Azərbaycan və Rusiya
Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq
tədbirləri həyata keçirirlər.





























