Advertisement

Azərbaycan və Rusiya münasibətləri yeni mərhələdə

Bakı. Trend:

Dövlət başçıları arasında olan sıx münasibətlər sayəsində
Azərbaycan-Rusiya münasibətləri uğurla inkişaf edir. Rusiya və
Azərbaycan arasında əlaqələr iki qonşu dövlətlə yekunlaşmır,
çoxəsrlik tarixə malikdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya
Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya
işgüzar səfəri ölkələrimiz arasında münasibətlərin yeni
mərhələsinin başlanğıcıdır.

Trend Azərbaycan-Rusiya
münasibətlərinin müxtəlif aspektlərinə nəzər salır:

Azərbaycan-Rusiya siyasi əlaqələri

İki ölkə arasında diplomatik münasibətlər 4 aprel 1992-ci il
tarixində qurulub. Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyi
1992-ci ildə, Rusiyanın Azərbaycandakı Səfirliyi 1992-ci ildə təsis
olunub. 2004-ci ildə Azərbaycanın Sankt-Peterburq, 2010-cu ildə
Yekaterinburq şəhərlərində Baş Konsulluqları açılıb. Son dövrlər
iki ölkə arasında siyasi əlaqələr yüksələn xətlə inkişaf edib.

İki ölkə arasında siyasi əlaqələr dövlət başçılarının birbaşa
təmaslarından əlavə, eyni zamanda, parlamentlər səviyyəsində də
uğurla aparılır. Milli Məclisinin və Rusiya Federal Məclisinin
Federal Şurası arasında ikitərəfli əməkdaşlıq üzrə
parlamentlərarası komissiya fəaliyyət göstərir. Azərbaycan Milli
Məclisində Rusiya Duması ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət
göstərir. Azərbaycan və Rusiya arasında müxtəlif sahələri əhatə
edən 263 sənəd imzalanıb.

2022-ci ildə Azərbaycan Respublikası və Rusiya Federasiyası
arasında müttəfiqlik haqqında imzalanmış Bəyannamə xüsusi
vurğulanmalıdır.

Azərbaycan-Rusiya iqtisadi əlaqələri

Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir.
Azərbaycandan qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr
arasında Rusiya qabaqcıl yerlərdədir.

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının
Rusiya Federasiyası ilə ticarət dövriyyəsinin həcmi 2.786 710,64
mln. ABŞ dolları, o cümlədən, idxalın həcmi 1.992 232,14 mln. ABŞ
dolları, ixracın həcmi 794 478,50 mln. ABŞ dolları təşkil edib,
xarici ticarət saldosu isə mənfi 1.197 753,64 mln. ABŞ dolları
olub.

2023-cü ilin yanvar-avqust aylarında Rusiya Federasiyasının
Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 7,85
faiz (3-cü yer), o cümlədən, idxalda 17,87 faiz (1-ci yer), ixracda
isə 3,26 faiz (5-ci yer) təşkil edib.

Rusiyanın ölkəmizə bütün sahələrdə sərmayələrinin həcmi
indiyədək təxminən 8,5 mlrd. ABŞ dolları (qeyri-neft sahəsinə 6,4
mlrd. ABŞ dolları) təşkil edib, ölkəmiz isə Rusiyaya təqribən 6,4
mlrd. ABŞ dolları (qeyri-neft sahəsinə 1,1 mlrd. ABŞ dolları)
miqdarında sərmayə yatırıb.

Qarabağda aparılan bərpa-quruculuq işlərində iştirak üçün
Rusiyadan olan 22 şirkət müraciət edib.

Mədəni əlaqələr

İki ölkə arasında mədəniyyət sahəsində də əlaqələr sürətlə
inkişaf edir. 2023-cü ildə baş tutan bir sıra tədbirləri qeyd etmək
kifayətdir ki, əlaqələrin hansı müstəvidə olduğu barədə təsəvvür
yaransın. 2023-cü ilin 2 fevral tarixində görkəmli Azərbaycan
bəstəkarı, alim, pedaqoq, SSRİ Xalq artisti Qara Qarayevin 105
illiyi ilə əlaqədar Bakıdakı Rus evində Azərbaycan Dövlət Kamera
Orkestrinin solistlərinin konserti olub.

Ötən ilin 11-12 aprel tarixlərində Ümummilli lider Heydər
Əliyevin 100 illik yubiley tədbirləri çərçivəsində Bakıda Teatr
Forumu baş tutub. 2023-cü ilin 7 avqust tarixində Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası ilə
Rusiya Federasiyası arasında mədəni əlaqələrin inkişafında böyük
xidmətlərinə görə Yuli Solomonoviç Qusmanın “Şərəf” ordeni ilə
təltif edilməsi haqqında sərəncam imzalayıb.

Əlbəttə, siyahını daha da genişləndirmək olar.

Təhsil sahəsində əlaqələr

2023/2024-cü tədris ilinə olan məlumata əsasən, Azərbaycanda
tədrisin rus dilində aparıldığı ümumtəhsil müəssisələrinin sayı
324-dür (ötən il 329 müəssisə). Sözügedən müəssisələrdə 153 645
(ötən il 158 754) şagird təhsil alıb. Bununla yanaşı, 801 227
şagird rus dilini ikinci xarici dil kimi öyrənib. Elm və Təhsil
Nazirliyinə tabe 20 ali təhsil müəssisəsinin 14-də rus dilində
tədris imkanları mövcuddur.

Ümumilikdə ölkə üzrə 28 ali təhsil müəssisəsində rus dilində
tədris mövcuddur və bu müəssisələrdə 2022/2023-cü tədris ilində 16
153 tələbə rus dilində təhsil alıb. 2022/2023-cü tədris ili üçün
Azərbaycan vətəndaşları üçün ayrılan kvota üzrə 250 nəfər Rusiyanın
ali təhsil müəssisələrində təhsil almaq hüququ əldə edib.
2023/2024-cü tədris ili üçün Azərbaycan vətəndaşları üçün ayrılan
kvotanın sayı 270 olub.

Statistik göstəricilər, imzalanan sənədlər, dövlət başçılarının
sıx münasibətləri, qarşılıqlı səfərlər onu deməyə əsas verir ki,
Azərbaycan-Rusiya əlaqələri yüksələn xətlə inkişaf edir.