Advertisement

BAM veteranları Heydər Əliyevə minnətdardırlar – Gennadi Şmal

Bakı. Trend:

Heydər Əliyev görkəmli dövlət və partiya lideri idi. O, Sovet
İttifaqının müxtəlif sənaye sahələrinin inkişafı üçün çox iş
görüb.

Trend xəbər verir ki, bunu Rusiya Federasiyası Neft Sənayeçiləri
İttifaqının prezidenti Gennadi Şmal Baykal-Amur Magistralının
inşasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu
barədə AZƏRTAC-a açıqlamasında bildirib.

“Qərbi Sibirdə neft yataqları kəşf edildikdən sonra Tümen-Tokio
neft kəmərinin inşası ideyası ortaya çıxdı. SSRİ Dövlət Plan
Komitəsində dəmir yolunun tikilməsi və onun vasitəsilə neftin nəql
edilməsi təklif olundu. Beləliklə, Sovet İttifaqı iqtisadiyyatının
inkişafında mühüm rol oynayan Baykal-Amur Magistralının (BAM)
tikintisinə başlamaq qərara alındı”, – deyə o vurğulayıb.

BAM-ın tikintisində Heydər Əliyevin rolunu xüsusi vurğulayan
G.Şmal bildirib:

“Heydər Əliyev görkəmli dövlət və partiya lideri idi. O,
müxtəlif sənaye sahələrinin inkişafı üçün çox şey edib. SSRİ
hökumətinin strukturunda bir neçə komissiya var idi. Ancaq onlardan
biri əsas komissiya – Heydər Əlirza oğlu Əliyevin rəhbərlik etdiyi
Əməliyyat məsələləri üzrə komissiya idi. Əslində bu komissiya
ölkənin bütün həyatına rəhbərlik edirdi. Heydər Əliyev nəqliyyata,
yüngül sənayeyə, mədəniyyətə və digər sahələrə nəzarət edirdi.
Nəqliyyat sahəsində çoxsaylı problemlər mövcud idi, onlardan biri
vaqonların dövriyyəsi idi. Vaqonlar pis boşaldılırdı və Heydər
Əliyev, əlbəttə ki, bizi buna görə çox ciddi şəkildə
danlayırdı”.

O qeyd edib ki, Heydər Əliyev dəfələrlə BAM-ın tikintisində
olub, bu mühüm layihənin icrası ilə bağlı bütün problemlərin
həllini nəzarət altında saxlayıb.

“Heydər Əliyevin fəaliyyətini mən həm də Albert Lixanovun təsis
etdiyi Rusiya Uşaq Fonduna görə də yüksək qiymətləndirirəm və ona
minnətdaram. A.Lixanov yazıçı, “Smena” jurnalının baş redaktoru
idi. O, Heydər Əliyevin uşaqlara kömək göstərən bu Fondun
yaradılmasında necə mühüm rol oynadığından söz açırdı”, – deyə
Rusiya neft sənayesinin veteranı əlavə edib.

G.Şmal prezidentlər Vladimir Putinin və İlham Əliyevin BAM
veteranları və dəmir yolu işçiləri ilə görüşünün böyük əhəmiyyət
kəsb etdiyini vurğulayıb. “Heydər Əliyevlə ünsiyyətdə olanlar bu
insana məhəbbətlərini əbədi olaraq qoruyacaqlar. BAM veteranlarının
sayı elə də çox qalmayıb. Lakin sağ olanlar göstərdiyi köməyə görə
Heydər Əliyevə minnətdardırlar”.