
Moskva. Trend:
Azərbaycan Prezidenti İlham Əliyev Baykal-Amur Magistralının
(BAM) 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin
veteranları və işçiləri ilə birgə görüşdə Ulu Öndər Heydər Əliyevin
xatirəsinə göstərdiyi ehtirama görə Rusiya Prezidenti Vladimir
Putinə minnətdarlığını bildirib.
Trend xəbər verir ki, Azərbaycan dövlətinin başçısı deyib:
“Əlbəttə, Heydər Əlirza oğlu Əliyevin xatirəsinə ehtiramla
yanaşdığına görə Vladimir Vladimiroviç Putinə xüsusi təşəkkür
sözləri ifadə edirəm. Biz yaxşı bilirik ki, 2000-ci illərin
əvvəllərində ölkələrimiz arasında dostluq, mehriban qonşuluq
münasibətlərinin əsasını məhz Vladimir Vladimiroviç Putin və Heydər
Əlirza oğlu Əliyev qoyublar. 2001-ci ildə Vladimir Vladimiroviç
Putin Azərbaycana səfər etdi və bu, bizim birlikdə keçdiyimiz uzun
bir yolun başlanğıcı oldu”.





























