Advertisement

Heydər Əliyev sayəsində BAM-ın tikintisi ilə əlaqədar problemlər həll olundu – Veteran

Moskva. Trend:

Heydər Əliyev sayəsində Baykal-Amur Magistralının (BAM)
tikintisində ortaya çıxan problemlər həll olundu.

Trend xəbər
verir ki, bu barədə “BAM Birliyi” ictimai təşkilatının qəyyumlar
şurasının üzvü Vyaçeslav Aksyonov Kremldə jurnalistlərə deyib.

“O, on gün ərzində Baykal-Amur Magistralını gəzdi, qəsəbələrdə
dayandı, inşaatçılarla söhbət etdi, onların problemləri ilə
maraqlandı. Sonra Moskvada artıq bütün bu məsələlərin həllində
rəhbərliyimizə köməklik göstərdi. Çünki yalnız Moskvada və
nazirliklərdə həll olunmalı mürəkkəb problemlər çox idi”, – o
deyib.

Vyaçeslav Aksyonov qeyd edib ki, minnətdarlıq əlaməti olaraq
Anqoya stansiyasında Heydər Əliyevin adını daşıyan xatirə lövhəsi
qoyulub.

Xatırladaq ki, aprelin 22-də Moskvada Prezident İlham Əliyevin
və Rusiya Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50
illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və
işçiləri ilə birgə görüşü keçirilib.

BAM həm Rusiya, həm də Azərbaycan üçün əlamətdar layihədir.
Dünyada ən uzun dəmir yolu xətlərindən biri olan bu magistralın
tikintisinin uğuru birbaşa olaraq Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevin adı ilə bağlıdır.

Heydər Əliyev SSRİ Nazirlər Şurası sədrinin birinci müavini
olaraq birbaşa yerlərdə tikintinin gedişatı ilə tanış olmaq
qərarına gəlmiş ilk rəhbərdir.

Məhz onun BAM-a 10 günlük səfəri magistralın tikintisində dönüş
nöqtəsi oldu.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun