Advertisement

Nikol Paşinyan Azərbaycanın şərtlərini qəbul edir – amerikalı ekspertlər Bakı və İrəvan arasında sülh perspektivləri haqqında

19 aprel Azərbaycan-Ermənistan münasibətlərinin
tənzimlənməsində əlamətdar tarix oldu. İkitərəfli təmasların
nəticələrinə əsasən, Ermənistan Qazaxın işğal edilmiş kəndlərini
Azərbaycana qaytarmağa razılaşdı. Azərbaycanın hələ 2020-ci ildə
delimitasiya prosesinin məhz Qazax rayonu ərazisindən başlamasına
dair qaldırdığı məsələnin həlli Prezident İlham Əliyevin uzaqgörən
siyasətinin növbəti qələbəsi oldu.

ABŞ Ali hərbi-dəniz donanma məktəbinin müəllimi, xarici siyasət
üzrə mütəxəssis Brenda Şafferin fikrincə, Ermənistan nəhayət
Azərbaycanla münasibətləri yaxşılaşdırmaq üçün konkret addımlar
atmağın vacibliyini dərk etməyə başlayıb.

“Ermənistanın işğal etdiyi dörd Azərbaycan kəndindən çıxmağa
razılaşması İrəvanın Sovet dövrü sərhədlərinə əsaslanan ərazi
bütövlüyü prinsipləri üzrə sərhədlərin müəyyənləşdirilməsinə artıq
razı olduğundan xəbər verir. Ermənistan tərəfindən bu addım sülh
sazişi və ya münasibətlərin normallaşması haqqında bir sıra
sazişlərin imzalanması istiqamətində irəliləyişdən xəbər verir”, –
deyə ekspert bildirib.

Həqiqətən, bu gün Bakı və İrəvan sülh sazişinin imzalanmasına
heç vaxt olmadığı qədər yaxındır. Azərbaycan tərəfindən bütün
istiqamətlərdə görülən intensiv işlər öz bəhrəsini verir,
Ermənistan isə cavab reaksiyası nümayiş etdirir.

ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bununla bağlı
bildirib ki, baş nazir Paşinyan Ermənistanın bu dörd kəndi
Azərbaycana qaytarmalı olduğunu və bunun düzgün addım olduğunu
artıq xalqa deyib.

“Bu, baş nazir Paşinyanın sülh sazişinə və Azərbaycanla
sərhədlərin delimitasiyası haqqında sazişə sadiqliyini nümayiş
etdirir. Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan sülh
sazişinin əldə edilməsinə sadiqdir və bu proses sürətlənir”, – deyə
o əlavə edib.

Yəqin ki, bu razılaşmaların əsas aspektlərindən biri Bakı və
İrəvanın üçüncü tərəflərin hər hansı müdaxiləsi olmadan irəliləyiş
əldə etməsi faktı oldu. Hərçənd Azərbaycan normallaşma prosesinin
ilk günlərindən bildirib ki, Ermənistanla ortaya çıxan bütün
məsələlər ikitərəfli qaydada həll edilməlidir. Görünür, Nikol
Paşinyan artıq anlayır ki, nə Vaşinqton, nə də Brüssel Cənubi
Qafqaza sülh gətirə bilməz.

Əlbəttə, həm Aİ, həm də ABŞ Bakı və İrəvan arasında əldə olunmuş
razılaşmaları müsbət qarşıladı. Brenda Şaffer bununla bağlı haqlı
olaraq qeyd edib ki, indiyədək Qərb tərəfindən Azərbaycanın ərazi
bütövülüyünə qarşı ayrı-seçkilik siyasəti aparılıb.

“ABŞ və Avropanın Azərbaycanın ərazi bütövlüyü hüququnu
tanıdıqlarını və bununla bağlı əvvəlki siyasətə son qoyulduğunu
görmək sevindirici haldır”, – o deyib.

Əlbəttə, hələlik şərti olan Azərbaycan-Ermənistan sərhədində Aİ
müşahidəçilərinin olduğunu və Ermənistana xüsusən Fransa tərəfindən
göstərilən böyük təzyiqi gözardı etmək olmaz. Erməni baş nazir hələ
ki, bununla ölkənin siyasi kursunu dəyişməyə çalışır, Azərbaycanla
sülh sazişi üzrə xüsusi irəliləyiş baş verməyib. Lakin Parisin
Azərbaycanın guya Ermənistana hücum etməyi planlaşdığı, ona qarşı
ərazi iddiaları irəli sürdüyünə dair təbliğatı artıq tamamilə
təkzib olunub. İndi Makrona nə cavab veriləcəyinə və sərhəddəki
yüzlərlə avropalı ilə nə ediləcəyinə Nikol Paşinyan qərar
verməlidir.

Ermənistan öz siyasətini və iqtisadiyyatını hansı istiqamətdə
inkişaf etdirmək istədiyinə özü müstəqil şəkildə qərar verməlidir.
Lakin yadda saxlamaq lazımdır ki, Azərbaycanla sülh prosesinin
ləngiməsi Ermənistanın regiondakı mühüm tranzit və enerji
layihələrinə reinteqrasiyasına mane olmağa davam edəcək, halbuki
İrəvan da buna nail olmaq istəyir.

Brenda Şafferin fikrincə, Azərbaycanla sülh sazişinin
imzalanmasının Ermənistan üçün iqtisadi faydaları
açıq-aşkardır.

“İndiyədək Ermənistan nəqliyyat infrastrukturunun açılmasına
müqavimət göstərirdi. İroniya ondadır ki, regionda ticarət
yollarının açılmasından ən çox Ermənistan qazanacaq. Ermənistan
Mərkəzi Asiyaya çıxış imkanı əldə edə bilər. Ola bilsin ki,
Ermənistan və Azərbaycan sülh sazişinin imzalanmasında mühüm
irəliləyiş əldə etsələr, Türkiyə də Ermənistanla öz ticarət
yollarını açar. Bu, ölkə üçün bir çox imkanlar yaradacaq”, – deyə
Şaffer vurğulayıb.

İrəvandan müsbət siqnallar getdikcə daha çox nəzərə çarpır.
Deyəsən İrəvan nəhayət anladı ki, Azərbaycanla sülh sazişi
imzalanmadan ticari əlaqələrin genişlənməsinə, həmçinin Qərb və
Şərq bazarlarına çıxış imkanına, eləcə də elementar sabitliyin
təmin olunmasına ümid etmək olmaz.

Keçmiş səfir Metyu Brayzanın qeyd etdiyi kimi, İrəvan cari
siyasi kursu qoruyub saxlasa, sülh sazişi tezliklə reallığa çevrilə
bilər.

“Ötən ilin dekabr ayında hər iki tərəf təkcə əsir mübadiləsi
deyil, həm də sülh prosesinin davam etməsi barədə razılığa gəldikdə
böyük addım atıldı”, – deyə Brayza bu cür müsbət addımları davam
etdirməyin vacibliyini vurğulayıb.

Son zamanlar Nikol Paşinyan qərbli tərəfdaşlarla, Qazaxıstan
Prezidenti ilə və ya öz parlamentinin qarşısında çıxış etməsindən
asılı olmayaraq, İrəvanın Bakı ilə bütün məsələləri tez bir zamanda
tənzimləməyə hazır olduğunu bəyan edir. Lakin onun bəyanat və
fəaliyyətinin dəyişkənliyini nəzərə almaq lazımdır. Axı 2-ci
Qarabağ müharibəsinin bitməsindən sonra ötən 4 il ərzində sülh
sazişinin imzalanmasında real irəliləyiş əldə olunmayıb. Görünür,
Nikol Paşinyan bu fikirdədir ki, gec olsun, güc olsun.

Ermənistan növbəti addımına qərar verənədək Azərbaycan
bir-birinin ardınca zəfərlər qazanmağa davam edəcək. 2023-cü ilin
sentyabrında ölkənin suverenliyini bərpa etməsi, Rusiya
sülhməramlılarının Qarabağdan çıxarılması, indi isə tək bir atəş
açmadan dörd kəndin üzərində nəzarətin geri qaytarılması – bütün
bunlar Prezident İlham Əliiyevin uzaqgörən və ardıcıl siyasətinin
nəticələridir.

Görünür, İrəvan anlaylb ki, Bakının təklif etdiyi şərtlərdən
yaxşı həll yolu yoxdur.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun