
Bakı. Trend:
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına
rəsmi səfəri çərçivəsində “CEVRO” İnstitutunda “Azərbaycanın xarici
siyasət prioritetləri” mövzusunda beyin mərkəzlərinin nümayəndələri
ilə görüşdə çıxış edib.
Xİn-dən Trend-ə bildirilib ki, çıxışında nazir Ceyhun Bayramov
ölkəmizin xarici siyasətinin əsas istiqamətləri, Azərbaycan-Çexiya
münasibətlərinin cari vəziyyəti və perspektivləri, postmünaqişə
dövrünün reallıq və çağırışları, Azərbaycan və Ermənistan arasında
normallaşma prosesinin hazırkı durumu, habelə Azərbaycanın geniş
bölgədə enerji təhlükəsizliyi, nəqliyyat və komunikasiya sahəsində
gördüyü işlərdən bəhs edib.
Müasir çağırışlarla effektiv mübarizə sahəsində ölkəmizin
regional əməkdaşlıq formatlarının təşviqində aktiv iştirak etdiyi,
xüsusilə iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat və
kommunikasiyalar istiqamətlərində birgə layihələrin
irəlilədilməsinə töhfə verdiyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov, keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə
son qoyulmasından, ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa
olunmasından sonra regionda sülh və etimad quruculuğu istiqamətində
yeni imkanların yarandığını diqqətə çatdırıb.
Ölkəmizin Azərbaycan və Ermənistan arasında normallaşma
gündəliyinin birbaşa ikitərəfli əsasda irəlilədilməsində, habelə bu
prosesə kənar müdaxilələrin qarşısının alınmasında qərarlı olduğu
bildirilib. Ermənistan tərəfindən işğal olunmuş 4 Azərbaycan
kəndinin bu yaxınlarda danışıqlar yolu ilə ölkəmizə qaytarılmasının
sülh prosesinin gələcəyi üçün ümidverici irəliləyiş olduğu
bildirilib.
Azərbaycanın COP29 sədrliyi, aparılan danışıqlar prosesi ilə
bağlı görüş iştirakçılarını məlumatlandıran nazir Ceyhun Bayramov,
sədrliyimizin öz növbəsində iqlim dəyişikliyi ilə mübarizə sahəsinə
verdiyimiz əhəmiyyəti səciyyələndirdiyini qeyd edib.
Daha sonra, nazir Ceyhun Bayramov görüş iştirakçılarının
çoxsaylı suallarını cavablandırıb.





























