Advertisement

Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır – Rusiya XİN

Bakı. Trend:

Kollektiv Qərb ölkələri Rusiya Federasiyasına strateji
məğlubiyyət vermək cəhdləri ilə Cənubi Qafqazda vəziyyəti
sabitsizləşdirməyə çalışırlar.

Trend-in məlumatına görə, bu barədə Rusiya xarici işlər naziri
Sergey Lavrovun sədrliyi ilə nazirliyin “Cənubi Qafqazda Rusiyanın
maraqlarının təşviqi haqqında” kollegiya iclasının yekunlarına dair
Rusiya XİN-nin bəyanatında deyilir.

“Vurğulanıb ki, Rusiyaya strateji məğlubiyyət vermək üçün
kollektiv Qərb Ukraynanın ardınca postsovet məkanının digər
hissələrində, o cümlədən Cənubi Qafqazda vəziyyəti
sabitsizləşdirməyə, Rusiyanı region ölkələri ilə birləşdirən
müttəfiqlik və tərəfdaşlıq münasibətlərini sarsıtmaq, mövcud
kollektiv təhlükəsizlik və iqtisadi tərəfdaşlıq mexanizmlərini məhv
etməyə çalışır”, – deyə Nazirlik bildirib.

Nazirlik qeyd edib ki, Rusiya Qərbdən fərqli olaraq Cənubi
Qafqazda sabitliyin, təhlükəsizliyin və rifahın təmin edilməsi
prioritetindən çıxış edir:

“Rusiya bizi çoxəsrlik ümumi tarix, coğrafi yaxınlıq və sıx
insan təmasları ilə birləşdirən regionun bütün dövlətləri ilə
qarşılıqlı hörmətə əsaslanan və qarşılıqlı faydalı əməkdaşlığı
inkişaf etdirəcək”.

Nazirlik, həmçinin Azərbaycan, Ermənistan və Rusiya arasında
üçtərəfli sazişlər toplusunun tam şəkildə həyata keçirilməsi üçün
səylərin davam etdirilməsinin, o cümlədən, Bakı ilə İrəvan arasında
sülh müqaviləsinin təsdiqi, regionda nəqliyyat kommunikasiyalarının
açılması və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasının
zəruriliyini vurğulayıb.