Advertisement

Azərbaycan və Ermənistan arasında sülh həm regiona, həm də Qazaxıstana faydaya zəmanət verir – ŞƏRH

Bakı. Trend:

2022-ci ildə Ukraynada müharibənin başlaması həm regiondakı, həm
də ondan kənardakı ölkələrin iqtisadiyyatlarına böyük zərər
yetirib. Mənfi təsir xüsusən Asiya və Avropanı birləşdirən ənənəvi
nəqliyyat marşrutlarında hiss olunub.

Belə ki, Asiya və Avropanın iri aktorları qitələrarası yük
axınlarının bərpası üçün alternativ marşrutlardan istifadə etmək
qərarına gəlib. Bunlardan biri Qazaxıstan, Azərbaycan, Gürcüstan və
Türkiyə ərazisindən keçən Orta Dəhlizdir.

Marşrut hazırda ənənəvi yük həcmlərini çatdırmaq imkanına malik
olmasa da, genişləndirilmə potensialı mövcuddur və bu, marşrut
üzərindəki ölkələrin nəqliyyat infrastrukturunun inkişafına
investisiya yatırmaq niyyətini bildirən beynəlxalq maliyyə
institutlarının təhlil və hesabatları ilə təsdiqlənir.

Məlum olduğu kimi, aprelin ortalarında Qazaxıstan prezidenti
Kasım-Jomart Tokayev Ermənistana ilk dəfə səfər etdi ki, bu da
Cənubi Qafqazda yeni reallıqlar yaradıldıqdan sonra iki ölkə
arasında əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində addım kimi
qiymətləndirmək olar. Əgər əvvəl Qazaxıstanın Qarabağ münaqişəsi
ilə bağlı mövqeyi Ermənistanla səmərəli iqtisadi əməkdaşlıq
qurmağın önündə müəyyən qədər maneə idisə, indi, Azərbaycan öz
ərazilərini azad etdikdən, eləcə də sülh sazişi imzalamaq imkanı
yarandıqdan sonra tunelin sonunda işıq görünür.

Əlbəttə, Qazaxıstan və Ermənistan arasında iqtisadi əməkdaşlığın
möhkəmləndirilməsinə yalnız Bakı və İrəvan arasında sülh imkan
yarada və nəticədə iki ölkənin əlaqələndirilməsi üçün marşrut
təqdim edə bilər. Yəni, sülh və nəqliyyat kommunikasiyalarının
açılması əlbəttə, Ermənistanın Mərkəzi Asiya ölkələri, Çin və digər
Asiya ölkələri ilə ticarət dövriyyəsinin artmasına imkan
yaradacaq.

10 il əvvəl bəlkə də heç kim bu cür danışıqların aparıla
biləcəyini düşünməyib, lakin 2020-ci ildən sonra Azərbaycanın
regionda yaratdığı reallıq bu barədə düşünməyə imkan verir.

Bununla əlaqədar olaraq, qazaxıstanlı politoloq, “Kemel Arna”
İctimai Fondunun direktoru Zamir Karajanov Azərbaycan və Ermənistan
arasındakı sülhdən ölkələrin, xüsusən Qazaxıstanın mümkün qazancı
barədə öz fikirlərini Trend-lə bölüşüb.

Politoloqun qeyd etdiyi kimi, sülh sazişi, Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşması və nəqliyyat kommunikasiyalarının
açılması bütün region ölkələrinə, eləcə də Qazaxıstana fayda gətirə
bilər.

“Düşünürəm ki, Qazaxıstan və region ölkələri Cənubi Qafqazda
vəziyyətin normallaşmasından fayda əldə edəcək. Vəziyyətin
normallaşmsı geniş imkanlar açır, yəni hazırda olan bizim üçün son
hədd deyil. Həmçinin əksər regionlarda, o cümlədən Yaxın Şərqdə
vəziyyətin inkişafını nəzərə alaraq demək olar ki, hazırda Asiya və
Avropa arasında yük daşımaları üçün ən stabil marşrut məhz Orta
Dəhlizdir. Onun köməyilə yük daşımalarının həcmini artıra bu
həcmlərin hesabına necə deyərlər, firavan yaşaya bilərik”, – o
deyib.

Karajanovun sözlərinə görə, vəziyyətin bu cür inkişafı həmçinin
region ölkələri arasında investisiya həcmlərinin artmasına imkan
yaradacaq.

“Anlayırıq ki, nəqliyyat aysberqin görünən hissəsidir. O mütləq
digər sahələri, investisiyalar, mədəniyyət, təhsil və s. sahələrdə
əməkdaşlığı da öz ardınca aparmalıdır. Yəni bütün bu aspektlər
yalnız güclənəcək”, – deyə politoloq bildirib.

Karajanovun sözlərinə görə, Ermənistan bütün bu regional
layihələrin ondan yan ötdüyünü görür və anlayır, ölkə rəhbərliyi bu
layihələrdə iştirak etməməklə itirdiklərini dərk edir.

“Bu səbəbdən düşünürəm ki, Ermənistan bunda maraqlıdır. Hazırda
tərəflər arasında sülh sazişinin bəndlərinin müzakirəsi gedir və
orada tamamilə real məqsədlər qoyulur. Bu, ərazi bütövlüyünün
qarşılıqlı tanınması, sərhədlərin delimitasiya və demarkasiyası və
s.dir. Yəni, Ermənistan və Azərbaycan hər şeyi bir paket halında
həll etmək, sülh sazişi imzalamaq və hər hansı məsələni
razılaşmaların ikinci hissəsinə keçirməmək istəyir. Fikrimcə, bu
sülh sazişində iqtisadiyyatın bir sıra sahələrində əməkdaşlığa dair
bəndlərin də müəyyən edilməsi tamamilə mümkündür. Bu həm nəqliyyat
və ekologiya, həm də təhlükəsizlik sahəsi, misal üçün, silahlara
qarşılıqlı nəzarət ola bilər. Yəni artıq bu cür məsələlər müzakirə
olunur. Bu birmənalı şəkildə ölkələrin iki addım önə baxdığından
xəbər verir. Ölkələrin bu cür praqmatik mövqeyi həm sülh sazişi,
həm də növbəti mərhələlər üzrə həqiqətən çox yaxşı gözləntilər
yaradır”, – deyə o qeyd edib.

Qazaxıstanlı politoloq, Beynəlxalq İT Universitetinin Qazaxıstan
Tarixi və Media Kommunikasiyaları kafedrasının professoru Saken
Mukan isə öz növbəsində Trend-ə bildirib ki, Qazaxıstan, şübhəsiz, Qarabağ
məsələsinin həllini həm Azərbaycan, həm də Ermənistanla
münasibətlərin inkişafına təkan verən irəliləyiş olaraq görür.

Azərbaycan ərazisi vasitəsilə Ermənistana mümkün nəqliyyat
marşrutunun açılmasından danışan politoloq bu sayədə Astana və
İrəvan arasında ticarətin asanlaşa biləcəyini qeyd edib.

“Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin Ermənistana səfəri
zamanı Qazaxıstan məmurları dəfələrlə Qazaxıstan və Ermənistan
KİV-inə bildirib ki, tərəflər arasında əmtəə axını İran və
Türkmənistan ərazisindən keçir. Təbii ki, marşrut həm logistika,
həm də rəsmi səbəblərdən vəziyyəti çətinləşdirir. Türkmənistana
giriş üçün viza tələb olunduğundan, yekun istehlakçı bu malları
daha yüksək qiymətə əldə edir. Avrasiya İqtisadi Birliyi (AİB)
çərçivəsində əməkdaşlığın mahiyyəti və məntiqi əksinə, əməkdaşlığın
yaxşılaşmasına imkan yaratmaq əvəzinə onu daha da pisləşdirir”, – o
deyib.

Onun fikrincə, İran ərazisindən keçən marşrut məhsulların ixrac
və idxalını məhdudlaşdırır.

“İkinci aspekt İrandır, Ermənistanın şərab-su məhsulları bu ölkə
ərazisindən üçüncü ölkələrə ixrac məhsulu kimi buraxılmır. Nəticə
etibarilə, Qazaxıstan Ermənistanın regionda nəqliyyat layihələrinin
gələcək inkişafına qoşulmasında maraqlıdır”, – deyə o əlavə
edib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun